İtaliya Almaniyanın altıncı nəsil qırıcı təyyarələrin hazırlanmasını nəzərdə tutan GCAP (Global Combat Air Programme) layihəsinə tamhüquqlu tərəfdaş kimi qoşulmasını istəmir. Roma Berlinə layihədə yalnız müşahidəçi statusunun verilməsini təklif edib.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İtaliyanın müdafiə naziri Quido Krosetto britaniyalı və yaponiyalı həmkarları ilə onlayn görüş zamanı Almaniyanın layihədə bərabərhüquqlu tərəfdaş olmasına qarşı çıxıb.
İtaliya hökumətinin mövqeyinə əsasən, Almaniyanın müşahidəçi qismində iştirakı mümkündür. Bu status Kanadaya münasibətdə tətbiq olunan modelə bənzəyir. Roma hesab edir ki, Berlinə tamhüquqlu tərəfdaşlıq hüququnun verilməsi layihənin idarə olunmasını çətinləşdirə və işlərin gedişini ləngidə bilər.
Belə bir status Almaniyanı təyyarənin layihələndirilməsi və hazırlanmasında birbaşa iştirak imkanından məhrum edəcək. Nəşrin məlumatına görə, Berlinin bu təklifi qəbul etməyəcəyi gözlənilir.
GCAP layihəsi Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə təşəbbüsüdür. Proqram çərçivəsində 2035-ci ilədək radarlar tərəfindən aşkarlanması çətin olan altıncı nəsil döyüş təyyarəsinin hazırlanması nəzərdə tutulur. Layihənin dəyəri milyardlarla dollarla ölçülür.
Böyük Britaniya Almaniyanın proqrama cəlb olunması imkanlarını araşdıran tərəf kimi çıxış edir. Baş nazir Endi Börnham da 2026-cı ilin oktyabrında Almaniyaya səfəri zamanı Berlinin layihədə iştirakına açıq olduqlarını bildirmişdi.
Yaponiya isə İtaliyanın ehtiyatlı mövqeyini bölüşür. Tokio hesab edir ki, bərabər səs hüququna malik yeni və böyük tərəfdaşın layihəyə qoşulması qərarların qəbulunu çətinləşdirə və 2035-ci il üçün müəyyənləşdirilmiş qrafikin pozulmasına səbəb ola bilər.
Samir


