Almaniyanın Bad-Vimpfen şəhərində XII əsrdə inşa edilmiş tarixi Qülləyə yeni baxıcı axtarılır. Namizədə tarixi binanın daxilində yerləşən 53 kvadratmetrlik mənzil pulsuz təklif olunur. Lakin bu imkandan yararlanmaq istəyən şəxsin üzərinə bir sıra öhdəliklər düşür.
HİT.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Təxminən 1170-ci ildə inşa edilən və 58 metr hündürlüyə malik Göy Qüllə şəhərin əsas simvollarından biri, Ştaufenlər sülaləsinin keçmiş imperator iqamətgahının bir hissəsidir.
Yeni baxıcı qüllədə daimi yaşamalı, ziyarətçiləri qarşılamalı, giriş biletlərini satmalı və tarixi binanın vəziyyətinə nəzarət etməlidir. Bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsini isə özünə götürə biləcək. Mənzilə görə kirayə haqqı tələb olunmasa da, kommunal xərcləri özü ödəməlidir.
Təklif olunan mənzil bir otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Ancaq burada yaşamağın fiziki çətinliyi də var: mənzilə çatmaq üçün lift olmadığından 134 pilləkən qalxmaq lazımdır. Buna görə namizədin fiziki cəhətdən sağlam, məsuliyyətli və ünsiyyətcil olması gözlənilir.
Məlumata görə, qüllənin hazırkı baxıcısı, 75 yaşlı Blanka Knodel 1996-cı ildən burada yaşayır. O, hətta tarixi binada üç övladını böyüdüb. Knodelin son iş günü 2027-ci il yanvarın 10-na planlaşdırılıb.
Şəhər rəhbərliyi yeni baxıcını martın 1-dək işə cəlb etməyi nəzərdə tutur.
Samir


