Qadın partnyorunun uğur qazanması və məqsədlərinə çatması üçün məsuliyyət daşımalı deyil. İnsanın nailiyyətləri və uğursuzluqları ilk növbədə öz qərarları və hərəkətləri ilə bağlıdır. Psixoloq Olqa Nazarovanın fikrincə, qadının həyatını həyat yoldaşının və ya sevgilisinin inkişafına həsr etməsi bəzən özünü təsdiqləmək ehtiyacından qaynaqlana bilər.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı psixoloq, kouç və Praktik Psixologiya və Kouçinq Bürosunun rəhbəri Olqa Nazarova “İzvestiya” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə kişinin inkişaf etməməsinin səbəbini qadının ona kifayət qədər dəstək göstərməməsində axtaran yanaşma mövcuddur. Bu düşüncə qadının özünü günahlandırmasına, partnyoruna yetərincə inanmadığını və onu dəyişməyə ruhlandıra bilmədiyini düşünməsinə səbəb ola bilər. Beləliklə, kişinin şəxsi uğurlarına görə məsuliyyətin bir hissəsi də qadının üzərinə qoyulur.
Nazarova hesab edir ki, bəzi qadınlar partnyorlarının nailiyyətlərini öz dəyərlərinin təsdiqi kimi qəbul edirlər. Onlar kişinin inkişafına böyük enerji sərf etməklə özlərini daha əhəmiyyətli hiss etməyə çalışa bilərlər. Bu zaman partnyorun uğuru qadının özünəinamını qorumaq vasitəsinə çevrilir.
Psixoloq belə davranışın başqa bir səbəbi kimi daim istiqamətləndirilməyə ehtiyacı olan kişilərin seçilməsini göstərib. Onun fikrincə, bəzi qadınlar münasibətlərdə bütün məsuliyyəti öz üzərinə götürməyə və əsas qərarları verən tərəf olmağa alışırlar. Müstəqil qərarlar qəbul edən, şəxsi sərhədlərini qoruyan və lazım gəldikdə etiraz edə bilən partnyorla münasibət isə onlardan fərqli yanaşma tələb edir.
Mütəxəssis uşaqlıqdan formalaşan inancların da bu seçimlərə təsir göstərə biləcəyini bildirib. Bəzi qadınlar böyüdükləri mühitdə kişilərə güvənməməyi və bütün problemləri özləri həll etməyi öyrənirlər. Sonradan isə bu düşüncəni təsdiqləyən partnyorlar seçə bilirlər.
Nazarovanın fikrincə, partnyorun inkişafına həddindən artıq diqqət yetirmək qadının öz məqsədlərini və problemlərini arxa plana keçirməsinə də şərait yarada bilər. Çünki şəxsi istəkləri həyata keçirmək qərar verməyi, risk etməyi və uğursuzluq ehtimalını qəbul etməyi tələb edir.
Psixoloq vurğulayıb ki, münasibətlərdə dəstək göstərmək normaldır, lakin bu, bir insanın digərinin həyatına və uğurlarına görə məsuliyyət daşıması demək deyil. Hər kəs öz inkişafına və seçimlərinə görə özü cavabdehdir.
Samir


