Antarktidada aparılan araşdırmalar dəniz buzlağının altında milyonlarla balığın çoxaldığı nəhəng koloniyaların mövcudluğunu üzə çıxarıb. Alimlər sualtı kameralar vasitəsilə dəniz dibində minlərlə yuva aşkar edib, başqa bir araşdırmada isə onların ümumi sayının təxminən 60 milyona çata biləcəyini hesablayıblar.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri məlumat yayıb.
2017-ci ildə Antarktidanın Larsen C şelf buzlağından təxminən 5800 kvadratkilometr sahəsi olan A68 aysberqi qopub. Nəticədə əvvəllər təxminən 200 metr qalınlığında buzun altında qalan dəniz dibinin bir hissəsi günəş işığına açılıb. Bu əraziyə maraq göstərən tədqiqatçılar burada gözlənilməz canlılıq izləri ilə qarşılaşıblar.
2019-cu ildə Cənubi Afrika Respublikasının SA Agulhas II tədqiqat gəmisi bölgəyə ekspedisiya təşkil edib. Alimlər həmin vaxt batmış “Endurance” gəmisini də axtarsalar da, qalın dəniz buzuna görə buna nail ola bilməyiblər. Bununla belə, ekspedisiya zamanı sualtı robotun kamerası dəniz dibində diqqətçəkən mənzərə qeydə alıb.
Kamera boz çöküntülərin arasında təmizlənmiş dairəvi sahələr aşkar edib. Sayı mindən çox olan bu sahələrin balıqların yuvaları olduğu müəyyənləşib. Antarktida sularında yaşayan Lindbergichthys nudifrons növünə aid balıqlar həmin yuvalara kürülərini tökür və balalar çıxana qədər onları qoruyurlar.
2025-ci il oktyabrın 29-da “Frontiers in Marine Science” jurnalında yayımlanan araşdırmada alimlər yuvaların təsadüfi şəkildə yerləşmədiyini də qeyd ediblər. Onlar ayrı-ayrı nöqtələr, əyri sıralar və sıx qruplar şəklində düzülürlər.
Balıqlar niyə sıx koloniyalar yaradır?
Tədqiqatçılar bu quruluşu “eqoist sürü” prinsipi ilə izah edirlər. 1971-ci ildə irəli sürülən nəzəriyyəyə görə, qrup halında yaşayan canlılar yırtıcıların hücumundan qorunmaq üçün bir-birinə yaxın dayanmağa çalışırlar. Çünki qrupun kənarında olan fərdlərin hücuma məruz qalma ehtimalı daha yüksəkdir.
Alimlər hesab edirlər ki, oxşar davranış yuvalarını qoruyan balıqlarda da müşahidə oluna bilər. Sıx koloniyanın mərkəzində yerləşən yuvalar qonşu balıqların mövcudluğu sayəsində müəyyən qorunma əldə edir. Kənarda tək yuva quran balıqların isə daha iri və güclü fərdlər olması mümkündür. Bununla belə, bu izah hələ ehtimal kimi qiymətləndirilir.
60 milyon yuvalıq nəhəng koloniya
Antarktidada daha böyük balıq koloniyası 2021-ci ilin fevralında “Polarstern” tədqiqat gəmisinin ekspedisiyası zamanı, Ueddell dənizində Filxner şelf buzlağının yaxınlığında aşkarlanıb. Bu dəfə yuvalar başqa bir növə — Neopagetopsis ionah balıqlarına aid olub.
Alimlər 45 600 kvadratmetr sahədə 16 160 yuva qeydə alıblar. Müşahidələrin nəticələrinə əsasən, koloniyanın ən azı 240 kvadratkilometr ərazini əhatə edə biləcəyi və burada təxminən 60 milyon aktiv yuvanın yerləşdiyi hesablanıb.
Hər yuvada orta hesabla 1735 kürünün olduğu müəyyən edilib. Tədqiqatçıların qiymətləndirməsinə görə, koloniyadakı balıqların ümumi kütləsi 60 min tondan çox ola bilər. Həmin ərazidə suyun ətraf sulardan təxminən iki dərəcə isti olması da balıqların burada böyük sayda toplanmasını izah edən amillərdən biri hesab edilir.
Bu növün daha bir qeyri-adi xüsusiyyəti qanının rəngsiz olmasıdır. Ağqanlı balıqlarda funksional hemoqlobin yoxdur. Buna görə oksigen toxumalara əsasən qan plazmasında həll olunmuş şəkildə daşınır. Soyuq Antarktida sularının oksigenlə zəngin olması bu uyğunlaşmanı mümkün edir.
Koloniyaların qorunması məsələsi açıq qalır
Alimlər bu cür yuva koloniyalarının həssas dəniz ekosistemləri olduğunu vurğulayırlar. Onlar yalnız balıqların çoxalması üçün deyil, digər canlılar üçün də əhəmiyyətlidir. Məsələn, dəniz bəbirləri yuvaların yerləşdiyi dərinliklərə dalır və balıqlarla qidalanaraq qida zəncirinin bir hissəsini təşkil edirlər.
Buna görə də Ueddell dənizində qorunan dəniz ərazisinin yaradılması təklif olunur. Lakin Antarktikanın Dəniz Canlı Resurslarının Qorunması Komissiyasında bu məsələ ilə bağlı hələ razılıq əldə edilməyib. Qərarın qəbul olunması üçün bütün üzvlərin konsensusu tələb olunur.
Yeni müşahidələr Antarktida buzlarının altında həyatın miqyasını daha yaxşı anlamağa imkan verir. Eyni zamanda, bu kəşflər dəniz ekosistemlərinin qorunması üçün beynəlxalq əməkdaşlığın vacibliyini də gündəmə gətirir.
Samir

