Son dövrlərdə sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması halları diqqət çəkir.
Belə iddialardan biri də guya Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan məlumatlardır. Media və Yayım Şurası bu iddiaları əsassız dezinformasiya olduğunu açıqlayıb, ictimaiyyəti təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb.
Bəs bu cür dezinformasiya kampaniyalarının əsas məqsədi nədir və onların cəmiyyətə, ictimai rəyə mümkün təsirləri necə qiymətləndirilməlidir?
Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bu dezinformasiyaların yayılmasında əsas məqsədin Azərbaycan cəmiyyətində sabitliyi pozmaq olduğunu bildirib:

“Bu cür məlumatları yayanlar vətəndaşları daim təşviş və qorxu içində saxlamağa, yalan informasiyalar vasitəsilə onları yanlış istiqamətə yönəltməyə çalışırlar. Məqsəd Azərbaycanda qeyri-sabit ictimai mühit formalaşdırmaq və bu vəziyyətdən istifadə edərək özlərinin məkirli planlarını həyata keçirməkdir. Cəmiyyətdə sabitlik pozulduqda, insanlar davamlı qorxu və gözlənti içində yaşadıqda mənfi xarakterli addımlar üçün daha geniş imkanlar yaranır. Belə bir şəraitdə ölkədə istənilən təxribatçı hərəkətə başlamaq və ictimai vəziyyəti qarışdırmaq mümkün olur”.
Ekspert qeyd edib ki, bu dezinformasiyalar vasitəsilə Azərbaycanda dövlətin vətəndaşları taleyin ümidinə buraxdığı, hətta yeraltı sərvətlərin istismarı naminə bütöv kəndlərin yox edilməsinə razılıq verdiyi barədə yanlış təsəvvür yaratmağa çalışırlar:
“Azərbaycan cəmiyyəti bu cür məlumatların əsl mahiyyətini anlayır və onların məqsədlərinə çatmasına imkan vermir. Azərbaycan dövləti də, vətəndaşları da bu cür dezinformasiyaların arxasında dayanan məqsədləri yaxşı bilir.
Buna görə də həmin qüvvələrin cəmiyyətə təsir göstərmək cəhdləri nəticəsiz qalır. Kimlərsə saxta məlumatlar vasitəsilə Azərbaycanda ictimai sabitliyi poza biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Bu səbəbdən belə sərsəm metodlardan əl çəkməyə çağırırıq”.
Sevinc


