Ürək xəstəliklərinin gözlər vasitəsilə aşkarlanması mümkün ola bilər

SAĞLAMLIQ
18:00 / 17.11.2026
31

Gözün torlu qişasının müəyyən təbəqəsinin nazilməsi ürək ritminin pozulması və insult riskinin artması barədə xəbərdarlıq edə bilər. Alimlər bu dəyişikliklərin bəzi hallarda xəstəlik diaqnozu qoyulmazdan bir neçə il əvvəl meydana çıxdığını müəyyən ediblər.

HİT.az xəbər verir ki, London Universitet Kollecinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri “PLOS Digital Health” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində iki böyük məlumat bazasına daxil olan 90 mindən çox insanın göz görüntüləri təhlil edilib. Bunun üçün adi göz fotolarından, eləcə də torlu qişanın ayrı-ayrı təbəqələrini ətraflı göstərən optik koherent tomoqrafiya müayinəsindən istifadə olunub.

Araşdırma zamanı xüsusilə torlu qişanın mGCIPL adlanan sinir hüceyrələri təbəqəsinə diqqət yetirilib. Məlum olub ki, ürəkdə qulaqcıqların fibrilyasiyası (atrial fibrilyasiya) diaqnozu qoyulan şəxslərdə bu təbəqə daha nazik olur. Bu əlaqə yaş, cins, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da qorunub.

Alimlər daha sonra müayinə zamanı ürək ritmi pozğunluğu aşkarlanmayan təxminən 39 min insanı izləyiblər. Müşahidə müddətində 838 nəfərdə sonradan atrial fibrilyasiya müəyyən edilib. Göz müayinəsi ilə diaqnoz arasında orta hesabla dörd il vaxt keçib.

Tədqiqatın nəticələrinə əsasən, torlu qişanın qeyd olunan təbəqəsi nə qədər nazik olarsa, gələcəkdə xəstəliyin aşkarlanma ehtimalı da bir o qədər yüksək olur. Bu dəyişiklik sonradan atrial fibrilyasiya diaqnozu qoyulma tezliyinin 27 faiz artması ilə əlaqələndirilib.

Tədqiqatçılar ehtimal edirlər ki, torlu qişadakı dəyişikliklər qan dövranının pozulması və ya ürək ritmi problemləri ilə əlaqəli kiçik beyin zədələnmələri nəticəsində yarana bilər. Lakin bu ehtimal hələlik tam təsdiqlənməyib.

Alimlər vurğulayırlar ki, göz müayinəsi hazırda elektrokardioqramı (EKQ) əvəz edə bilməz və ürək xəstəliklərinin diaqnostikası üçün müstəqil üsul hesab olunmur. Bununla belə, gələcəkdə bu metod ürək ritminin daha ətraflı izlənilməsinə ehtiyacı olan şəxslərin əvvəlcədən müəyyənləşdirilməsində əlavə vasitəyə çevrilə bilər.

Samir

0