Bəzən yaşayış binalarının həyətlərində onlarla, hətta yüzlərlə qarğanın bir yerə yığışdığı müşahidə olunur. Quşların yüksək səslə qarıldaması və eyni vaxtda hərəkət etməsi qeyri-adi mənzərə yaratsa da, bu davranışın bir neçə təbii səbəbi var.
HİT.az xəbər verir ki, bu barədə “Antena 3 CNN” məlumat yayıb.
Məlumata görə, qarğaların böyük dəstələr halında toplaşmasının əsas səbəblərindən biri qida axtarışıdır. Bu quşlar yem seçməkdə çox tələbkar deyil və müxtəlif qidalarla, o cümlədən məişət tullantıları ilə qidalanırlar. Buna görə də zibil qablarının, ağacların və ev heyvanları üçün açıq havada qoyulan yemlərin olduğu həyətlər onlar üçün cəlbedici olur.
Qarğalar güclü yaddaşa malik olduqları üçün qida tapdıqları yerləri yadda saxlayır və ehtiyac yarandıqda həmin ərazilərə yenidən qayıdırlar. Bir quş əlverişli yem mənbəyi aşkar etdikdə, digərlərinin də ora gəlməsi mümkündür.
Digər səbəb gecələməyə hazırlıqdır. Qarğalar gecə istirahət etmək üçün böyük dəstələr yaradır və çox vaxt eyni ərazilərdə toplaşırlar. Bu hal xüsusilə payız və qış aylarında daha çox müşahidə edilir. Həmin dövrdə müxtəlif ərazilərdən gələn quşlar bir yerdə cəmləşə bilir.
Bundan başqa, həyətlərdə görünən qarğaların hamısı həmin ərazidə yaşamır. Bəzi quşlar dəstənin toplandığı yerə çatmaq üçün kifayət qədər uzun məsafə qət edirlər.
Toplaşmaq həm də müdafiə üsuludur
Qarğaların dəstə halında hərəkət etməsinin başqa bir səbəbi təhlükəsizlikdir. Onlar yırtıcı və ya başqa təhlükə hiss etdikdə birgə reaksiya verərək onu uzaqlaşdırmağa çalışırlar. Quşların yüksək səslə qarıldaması da digər qarğaları mümkün təhlükə barədə xəbərdar etmək məqsədi daşıya bilər.
Məqalədə qarğaların intellektual qabiliyyətlərinə dair araşdırmaya da diqqət çəkilir. Alimlərin apardığı təcrübədə iki qara qarğaya ekranda hərəkət edən nöqtələrin ümumi istiqamətini müəyyənləşdirmək tapşırılıb. Quşlar düzgün cavab verdikdə mükafat olaraq un qurdu alıblar.
Tədqiqat zamanı qarğaların qərar vermək üçün orta hesabla 235 millisaniyəyə ehtiyac duyduğu müəyyən edilib. Oxşar sınaqlarda meymunlarda bu göstərici 410-600 millisaniyə arasında olub. Nəticələr qarğaların mürəkkəb məlumatları emal etmək və qərar qəbul etmək qabiliyyətinin yüksək olduğunu göstərir.
Samir


