Küləkli havada qulaq və baş nahiyəsində ağrı hiss edilməsi bir sıra sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Bu, qulaq iltihabı, üçlü sinirin nevralgiyası, miqren və ya çənə oynağındakı problemlərin əlaməti kimi özünü göstərə bilər.
HİTaz xəbər verir ki, bu barədə “Gazeta.ru”ya “SM-Klinika”nın otorinolarinqoloqu Anna Juykova danışıb.
Həkimin sözlərinə görə, belə hallarda ilk növbədə qulaq xəstəliklərinin olub-olmadığı yoxlanılmalıdır. Xarici otit zamanı qulağın girişindəki çıxıntıya və ya qulaq seyvanına toxunduqda, eləcə də çənəni hərəkət etdirərkən ağrı güclənə bilər. Qaşınma, qızartı, qulaqdan ifrazat və eşitmənin zəifləməsi də müşahidə oluna bilər.
Orta qulaq iltihabında isə adətən güclü ağrı, qulaqda tutulma hissi və bəzən hərarət yaranır. Həkim vurğulayıb ki, külək özü infeksiyaya səbəb olmasa da, həssas dərinin soyuması artıq mövcud olan ağrını daha nəzərəçarpan edə bilər.
Külək üçlü sinirin nevralgiyasını üzə çıxara bilər
Hətta zəif külək üzün və başın bir tərəfində qəfil, kəskin, elektrik vurmasına bənzər ağrı yaradırsa, üçlü sinirin nevralgiyasından şübhələnmək olar. Bu vəziyyətdə üzə toxunmaq, yuyunmaq, çeynəmək və kondisionerin qarşısında olmaq belə ağrı tutmasına səbəb ola bilər.
Belə tutmalar adətən bir neçə saniyədən iki dəqiqəyədək davam edir, lakin ardıcıl təkrarlana bilər. Juykova bu şikayətləri olan şəxslərə nevroloqa müraciət etməyi tövsiyə edib.
Digər mümkün səbəb isə allodiniyadır. Bu zaman normal şəraitdə ağrı yaratmayan toxunuş və ya soyuq hava kimi təsirlər insanda ağrı hissi doğurur. Allodiniya miqrenlə də müşayiət oluna bilər. Belə hallarda külək, saçın daranması, papağın və ya yastığın dəriyə toxunması narahatlıq yarada bilər. Bununla yanaşı, döyünən baş ağrısı, ürəkbulanma, işığa, səsə və qoxulara həssaslıq da meydana çıxa bilər.
Ağrının səbəbi çənə oynağı da ola bilər
Həkim bildirib ki, qulağa və gicgaha yayılan ağrı çənə oynağındakı problemlər, çeynəmə əzələlərinin gərginliyi və ya yuxu zamanı dişlərin sıxılması ilə də əlaqəli ola bilər. Ağrının çeynəyərkən artması, çənə oynağından səs gəlməsi və səhərlər çənədə yorğunluq hissi bu ehtimalı gücləndirir.
Mütəxəssisin sözlərinə görə, ağrının nə dərəcədə təhlükəli olması digər simptomlardan asılıdır. Əgər narahatlıq yalnız soyuq havada yaranır, isti mühitə keçdikdən sonra tezliklə aradan qalxır və əlavə əlamətlərlə müşayiət olunmursa, ciddi xəstəlik ehtimalı daha azdır. Bununla belə, mütəmadi təkrarlanan və ya çox güclü ağrılar həkim müayinəsi tələb edir.
Qulaqda problem aşkarlanmadıqda nevroloqa, çənə ilə bağlı əlamətlər olduqda isə stomatoloqa müraciət etmək tövsiyə olunur. Həkim müayinəsi olmadan qulağa spirtli məhlullar, antibiotiklər və digər preparatlar damızdırmaq məsləhət görülmür.
Samir


