Aralıq dənizindəki ada köçənlərə 30 min avroyadək pul təklif edir - Əsas şərt

DÜNYA
19:19 / 17.11.2026
37

İtaliyanın Aralıq dənizində yerləşən Sardiniya adasının rəhbərliyi əhalinin azalmasının qarşısını almaq üçün yeni sakinlərə 30 min avroyadək geri qaytarılmayan maliyyə dəstəyi təklif edir. Proqramda xarici ölkə vətəndaşları da iştirak edə bilər. Lakin bunun üçün əsas şərt adaya köçən şəxsin artıq işinin olmasıdır.

HİT.az xəbər verir ki, bu barədə “Libertatea” nəşri məlumat yayıb.

Proqram 40 yaşadək şəxslər üçün nəzərdə tutulub. Adada məskunlaşanlara ilkin olaraq 20 min avro ödənilir. Əgər müraciət edən şəxs əhalisi 5 mindən az olan şəhər və ya kəndə köçərsə, yardımın məbləği 30 min avroya çatır.

Proqramda iştirak etmək üçün Sardiniyada doğulmaq tələb olunmur. Xarici vətəndaşlar da müraciət edə bilərlər. Ərizələrin qəbulu noyabrın 29-dək davam edəcək. Müraciətlər yalnız sertifikatlaşdırılmış elektron poçt vasitəsilə qəbul olunur. Hətta 2026-cı il yanvarın 1-dən etibarən adaya köçən şəxslər də proqramdan yararlana bilərlər.

Yardım muzdla çalışanlara, frilanserlərə və sahibkarlara şamil edilir. İşçilər başqa şirkətə keçə, mövcud iş yerlərindən uzaqdan işləyə və ya yeni əmək müqaviləsi bağlaya bilərlər. Əsas tələb müraciət zamanı iş yerinin artıq mövcud olmasıdır.

Proqramın şərtlərinə görə, müraciəti təsdiqlənən şəxslər altı ay ərzində Sardiniyada rəsmi yaşayış qeydiyyatına düşməli və adada ən azı beş il yaşamalıdırlar.

Maliyyə vəsaiti bütün müraciət edənlərə çatmadığı təqdirdə, ilk növbədə həkimlərə və sosial işçilərə üstünlük veriləcək. Çünki adanın bəzi kəndlərində ailə həkimlərinin çatışmazlığı ciddi problemə çevrilib.

2026-2028-ci illər üçün proqramın ümumi büdcəsi 56 milyon avro müəyyən edilib. Bunun 8 milyon avrosu ilk il üçün ayrılıb. İtaliyanın “Avvenire” nəşrinin hesablamalarına görə, ilkin maliyyələşmə təxminən 266-400 nəfərə yardım göstərməyə imkan verəcək.

Sardiniya regionunun rəhbəri Alessandra Todde proqramın xüsusilə xaricə köçmüş ada sakinlərinin geri qayıtmasına şərait yaratmasını istədiklərini bildirib.

Qeyd edək ki, İtaliyanın Milli Statistika İnstitutunun məlumatına görə, 2024-cü ildə Sardiniyanın əhalisi 8 072 nəfər azalıb. Adada hər qadına düşən orta doğum göstəricisi 0,85 uşaqdır ki, bu da İtaliya üzrə ən aşağı göstəricidir.

Samir

0