Bu il oktyabrın 1-nə Azərbaycanda vergi borclarının ümumi məbləği 4 milyard 248 milyon manata çatıb.
Maliyyə Nazirliyinin 9 aylıq hesabatına əsasən, bu göstərici ilin əvvəli ilə müqayisədə 939,2 milyon manat və ya 28,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 78,7 milyon manat və ya 34 faiz artıb. Vergi borclarında müşahidə olunan bu artım ölkədə 7 vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirməsi və biznes subyektlərinin maliyyə vəziyyəti ilə bağlı bir sıra suallar yaradır.
Bəs vergi borclarının artmasının əsas səbəbləri nədir?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, bu məsələdə müəssisələrin ödəmə qabiliyyətinin zəifləməsi müəyyən rol oynaya bilər:

“Belə ki, inflyasiya xərcləri artırır, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi isə müəssisələrin qiymətləri artırmasını çətinləşdirir və nəticədə vergi ödənişləri ilə bağlı problemlər yaranır. Digər tərəfdən, vergi orqanları tərəfindən nəzarətin gücləndirilməsi, yoxlamaların aparılması və vergidən yayınma hallarının qarşısının alınması da bu prosesə təsir edə bilər.
Vergi ödənişləri gecikdikcə əlavə faizlər hesablanır və borc getdikcə artır. Bu baxımdan, gecikdirilmiş vergi ödənişlərinə tətbiq olunan faiz və cərimələrin kifayət qədər yüksək olduğunu düşünürəm. Hətta bu göstəricilər bəzi hallarda bankların tətbiq etdiyi cərimə faizlərindən də yüksək ola bilər”.
Onun sözlərinə görə, vergi ödənişlərindəki gecikmələri yalnız ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirmək düzgün olmaz:
“Çünki mənim bildiyimə görə, 9 ayın nəticələrinə əsasən, vergi daxilolmaları həm proqnoz göstəricilərini, həm də ötən ilin müvafiq dövrünün nəticələrini üstələyib. Ötən illə müqayisədə vergi yığımlarında 9 faizdən çox artım qeydə alınıb, proqnoz göstəricisi isə 7 faiz üstələnib.
Bu da vergi daxilolmalarının ümumilikdə artdığını göstərir. Ona görə də gecikmələrin bütün səbəblərini iqtisadi çətinliklərlə izah etmək olmaz. Konkret səbəblərlə bağlı daha dəqiq məlumatı Dövlət Vergi Xidməti verə bilər, çünki onlar ödənişləri gecikdirən hər bir vergi ödəyicisi ilə fərdi qaydada işləyirlər”.
Sevinc


