Uşaqların oxu bacarıqları eyni sürətlə inkişaf etmir. Sinif yoldaşlarından daha yavaş oxuyan şagirdin mütləq geridə qaldığını düşünmək düzgün deyil. Mütəxəssislər bildirirlər ki, uşağın oxu qabiliyyətini qiymətləndirərkən sürətdən daha çox mətni nə dərəcədə anladığına diqqət yetirmək lazımdır.
HİT.az xəbər verir ki, bu barədə pedaqoq-psixoloq Şamil Əhmədullin “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, oxu bacarığı bir neçə mərhələdən formalaşır. Buraya sözlərdəki səsləri ayırd etmək, gözləri sətir boyunca düzgün hərəkət etdirmək, hərfləri səslərlə əlaqələndirmək daxildir. Bu bacarıqlar uşaqlarda fərqli yaşlarda inkişaf edə bilər. Hətta inkişaf tempində bir neçə illik fərq də normal hesab olunur.
Pedaqoq bildirib ki, bəzi uşaqlar ikinci sinifdə çətinliklə oxusalar da, dördüncü sinfə çatanda kitabları böyük həvəslə mütaliə etməyə başlayırlar.
Mütəxəssis valideynləri uşaqları uzun müddət oxumağa məcbur etməkdən çəkindirib. Onun fikrincə, gündəlik bir saatlıq oxu məşğələləri, saniyəölçənlə sürətin yoxlanılması və uşağın istəksizliyinə baxmayaraq davamlı təzyiq göstərilməsi əks nəticə verə bilər.
Əhmədullin vurğulayıb ki, əsas diqqət oxunun sürətinə deyil, məzmunun başa düşülməsinə yönəldilməlidir. Valideynlər uşağa oxuduğu mətnlə bağlı suallar verməli, qəhrəmanları müzakirə etməli və mətni öz sözləri ilə danışmasını istəməlidirlər.
Bununla yanaşı, bəzi çətinliklər xüsusi diqqət tələb edir. Uşaq hecaları birləşdirməkdə çətinlik çəkə, söz ehtiyatının azlığı səbəbindən tanımadığı sözlərdə dayana və səsləri bir-biri ilə qarışdıra bilər. Bəzən isə problem oxu texnikasından deyil, həyəcan və psixoloji təzyiqdən qaynaqlanır. Sinif qarşısında və ya evdə oxuduğuna görə utandırılan uşaq mətn gördükdə daha çox həyəcanlana bilər.
Pedaqoqun sözlərinə görə, müntəzəm məşğələlərə baxmayaraq, aylarla irəliləyiş müşahidə olunmursa, uşaq hərfləri güzgü əksində yazırsa, sətirləri itirirsə və ya oxşar hərfləri qarışdırırsa, loqopedə və ya neyropsixoloqa müraciət etmək lazımdır.
Ekspert valideynlərə uşağın yaşına, bilik səviyyəsinə və maraqlarına uyğun mətnlər seçməyi tövsiyə edib. Oxumaq uşağa çətin gəlirsə, valideynlə növbə ilə bir sətir oxuya bilər. Həmçinin uşağa ucadan kitab oxumağa davam etmək onun mütaliəyə marağının qorunmasına kömək edir.
Samir


