1870 tələbə üçün ŞAD XƏBƏR

TƏHSİL
12:12 / 08.10.2026
150

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə üçün təhsil haqqı ödəmədən oxumaq imkanı yaranıb.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, bəzi ixtisaslarda dövlət sifarişi ilə ayrılmış yerlər qəbul prosesindən sonra boş qalıb. Bu yerlərin tutulması məqsədilə həmin ixtisaslara ödənişli əsaslarla yerləşdirilən bakalavrlar arasında əlavə seçim aparılıb.

Seçim zamanı tələbələrin qəbul imtahanında göstərdikləri nəticələr əsas götürülüb. Nəticədə daha yüksək bal toplayan 1870 nəfər boş qalan dövlət sifarişli yerlərə yerləşdirilərək bakalavriat üzrə təhsil haqqından azad olunub.

Əlavə seçimdən keçən tələbələrin adları və digər müvafiq məlumatlar onların təhsil aldığı ali məktəblərə təqdim edilib. Universitetlər bundan sonra həmin tələbələrin dövlət hesabına təhsil alması ilə bağlı zəruri prosedurları həyata keçirəcək.

Təhsil eksperti Ramin Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, bəzi ixtisaslarda dövlət hesabına təhsil üçün ayrılan yerlər qəbul prosesindən sonra boş qala bilir:

411918

“Bu imkanların növbəti tədris ilinə qədər istifadə olunmadan qalmasının qarşısını almaq üçün həmin yerlərin yenidən tələbələr arasında bölüşdürülməsi mexanizmi tətbiq olunur. Bu zaman əsas meyarlardan biri tələbənin topladığı baldır. Belə ki, müəyyən ixtisas üzrə ödənişli əsaslarla universitetə qəbul olan tələbələr arasından daha yüksək nəticə göstərənlər boş qalmış dövlət sifarişli yerlərə keçirilə bilirlər”.

Ekspert qeyd edib ki, nəticədə tələbə təhsilini artıq ödəniş etmədən davam etdirmək hüququ qazanır:

“Əgər tələbə universitetə qəbul zamanı təhsil haqqı ödəyibsə, dövlət sifarişli yerə keçirildikdən sonra həmin məbləğin geri qaytarılması təmin edilir. Bu yanaşma həm dövlət sifarişi ilə ayrılan təhsil yerlərinin səmərəli istifadəsinə, həm də yüksək nəticə göstərən tələbələrin əlavə maliyyə yükündən azad olunmasına imkan yaradır”.

Sevinc

0