Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” ölkədəki müəssisələrinə yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. Şirkət həmçinin bəzi zavodların bağlanması və istehsalın xarici ölkələrə köçürülməsi imkanlarını nəzərdən keçirir.
HİT.az xəbər verir ki, buna şirkət rəhbərliyi ilə həmkarlar ittifaqları arasında xərclərin azaldılması ilə bağlı aparılan danışıqların nəticəsiz qalması səbəb olub.
“Mercedes-Benz”in istehsal üzrə direktoru Mixael Şibe şirkətin daxili şəbəkəsində yayımlanan müsahibəsində Almaniyadakı istehsal müəssisələrinə bütün yeni investisiyaların dayandırılması barədə razılıq əldə edildiyini bildirib.
Şirkətin insan resursları üzrə direktoru Britta Zeeger isə mövcud vəziyyətin Almaniyadakı hansı müəssisələrin fəaliyyətini davam etdirməyin iqtisadi baxımdan mümkün olduğunu ətraflı qiymətləndirməyi zəruri etdiyini vurğulayıb.
Rəhbərlik xərcləri azaltmaq üçün işçilərin eyni əməkhaqqı qarşılığında daha çox işləməsini istəyir. Təkliflər arasında hazırkı 35 saatlıq iş həftəsinin artırılması, Milad və məzuniyyət mükafatları da daxil olmaqla əlavə ödənişlərin azaldılması var.
“Mercedes”in hesablamalarına görə, Almaniyadakı zavodlarda bir iş saatının maya dəyəri Şərqi Avropadakı müəssisələrlə müqayisədə beş dəfəyədək yüksək ola bilər.
Tərəflər arasında razılıq əldə olunmasa, şirkət Almaniyada iki müəssisəsini – bir avtomobil yığımı zavodunu və bir komponent istehsalı müəssisəsini bağlaya bilər. Hələlik hansı zavodların fəaliyyətinin dayandırılacağı açıqlanmayıb.
Şirkət xərclərin azaldılması zərurətini satış və mənfəətin azalması, istehsal xərclərinin yüksək olması, ABŞ-ın gömrük rüsumları və xüsusilə Çin avtomobil istehsalçılarının güclənən rəqabəti ilə əlaqələndirir.
Samir


