Putin Türkiyəyə səfər edəcək? - "Qərb Türkiyə vasitəsilə..."

DÜNYA
12:16 / 04.03.2024
306

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər etməməsi diqqət çəkməyə davam edir.

Son olaraq onun 12 fevral tarixində Ankaraya səfər edəcəyi açıqlanmışdı. Lakin ötən günlərdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərini təxinə salındığını açıqladı. O, səfərin vaxtının daha sonra elan olunacağı deyib.

Burada isə bəzi məqamlar diqqət çəkir. Belə ki, Rusiya rəhbərinin daha öncə də bir neçə dəfə Ankaraya səfər edəcəyi rəsmi şəkildə açıqlansa da, sonradan səfər təxirə salınmışdı. Əslində bir çox ekspertlər 12 fevralda nəzərdə tutulan səfərin də ləğv ediləcəyini proqnozlaşdırırdılar. Nəticədə haqlı çıxdılar.

Maraqlıdır, Putinin Türkiyəyə səfər etməməsinə səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Rusiya hazırkı məqamda bütün Qərb ölkələri ilə müharibə vəziyyətindədir:

345055

"Əslində, Rusiya kollektiv Qərblə müharibə aparır. Bunu görməmək mümkün deyil. Türkiyə Rusiya-Ukrayna müharibəsində nə qədər neytral mövqe tutsa da, Qərbin birmənalı yanaşmasında uzaq olmağa çalışsa da, NATO-nun üzvüdür. Həmçinin, rəsmi Ankara bir sıra məsələlərdə kollektiv Qərblə eyni prizmadan çıxış edir". 

Ekspert qeyd edib ki, belə bir həssas dönəmdə, xüsusilə də Rusiyada keçiriləcək prezident seçkilərindən öncə Vladimir Putinin Türkiyəyə səfər etməsi bir az mürəkkəb və hətta təhlükəli addım kimi qiymətləndirilirdi:
"Bu mövqeyin haqlı tərəfləri də var. Düşünürəm ki, Putinin Ankaraya səfər etməsi kollektiv Qərbin Rusiyaya qarşı yönələn qəzəbinin prosesə mənfi təsir göstərməsinə gətirib çıxara bilər. Üstəlik, Qərb də bu məsələdə Türkiyəyə müsbət yanaşmır. Amma gələcək perspektivdə Putinin Türkiyəyə səfər etməsi gözlənilir". 

Həmsöhbətimiz hesab edir ki, kollektiv Qərb Türkiyə vasitəsilə gələcəkdə Rusiya ilə münasibətləri normallaşdıra bilər:

"Nəzərə almaq lazımdır ki, kollektiv Qərb müharibə apardığı ölkələrlə elə münasibətləri tam kəsmir və hansısa bir formada prosesləri vasitəsiçi dövlətlə idarə etməyə cəhd göstərir. Yəni gələcəkdə münasibətlərin normallaşacağını nəzərə alaraq əlaqələri tamamilə kəsməməyə çalışırlar. Kollektiv Qərb Ukraynaya görə Rusiyaya qarşə səfərbər olsa da, gələcəkdə Türkiyə vasitəsilə münasibətlərin idarə olunması prosesini həyata keçirir".

Pərviz

0