Poroşenko hakimiyyətə qayıdır? - "Şansını yoxlamaq istəyir"

DÜNYA
10:12 / 04.04.2024
224

Ukraynanın sabiq prezidenti Petro Poroşenko yenidən hakimiyyətə qayıtmaq istəyir. 

O, bu barədə “Əl Cəzirə” telekanalına müsahibəsində danışıb. Poroşenko ölkəsində keçiriləcək növbəti prezident seçkilərində namizəd olacağını söyləyib. 

Bəs onun prezidentliyə namizəd olma və seçilmə ehtimalları nə qədərdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Poroşenko siyasi fürsət gözləyir:

347146

"Yəqin o düşünür ki, ölkənin düşdüyü vəziyyətə, Ukraynanın iqtisadiyyatının məhv olmasına, əhalinin böyük hissənin fərqli ölkələrə köçməsinə, verilən itkilər və infrastrukturun dağılmasına görə vətəndaşların bir qismi Volodimir Zelenskini günahlandıracaq. 

Yəni əhalinin bir hissəsi düşünür ki, Zelenski bu müharibədən qaça bilərdi və ya Ukrayna daha az itki verərdi. Düşünürəm ki, Petro Poroşenko bu vəziyyətdən istifadə etməyə çalışacaq. Ona görə də növbəti prezident seçkilərində hakimiyyətə qayıtmağa cəhd edə bilər".

Ekspert xatırladıb ki, ukraynalıların xatirində son illərdə nisbətən stabil dövr məhz Poroşenkonun dönəmi olub:

"O vaxt hərbi əməliyyatlar Donbasda getsə də, ölkədə nisbətən stabillik var idi. Həmçinin, Poroşenkonun hakimiyyət illərində Qərbdən ölkəyə böyük maliyyə axını olmuşdu. Əlbəttə, bu da iqtisadi rifaha müəyyən qədər təsir etmişdi. Görünür, Poroşenko bütün bunların səsverməyə təsir edəcəyini düşünür. 

Bu səbəbdən də şansını yenidən yoxlamaq istəyir. Lakin mən Ukraynada prezident seçkilərinin keçiriləcəyini zənn etmirəm. Məncə, Zelenski müharibə şəraitindən istifadə edərək seçkilərin keçirilmə vaxtını təxirə salacaq və ya hansıa formada qalib gəlməyə çalışacaq". 

Pərviz

0