Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, keçmiş iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib ki, Sovet İttifaqında 60 ildən çox tətbiq olunan planlı iqtisadiyyat müasir Rusiyaya qayıdıb.
HİT.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Onun sözlərinə görə, dövlət planlaması prinsiplərinin yenidən dirçəlməsi idarəetmənin avtomatlaşdırılması və iqtisadi münasibətlərin tam rəqəmsallaşması ilə bağlıdır:
"Olanlar planlı iqtisadiyyatın ən yaxşı formasına doğru qayıdış və reinkarnasiyadır. İdarəetmə prosesləri avtomatlaşdırılır. Rəqəmsal texnologiyalara keçməyənlər müasir reallıqdan onilliklərlə geri qalır. Bütün məlumatlar rəqəmsal formadadır. İndi institutlar və tranzaksiyalar avtomatlaşdırılır, yəni insanın təbiətlə deyil, insanla insan arasındakı münasibətləri rəqəmsal sistemlər tənzimləyir".
O, nümunə kimi taksi xidmətlərini göstərib və onların “planlaşdırılmış qiymətlər” sisteminə keçdiyini iddia edib:
"Artıq klassik taksi bazar yoxdur. Sadəcə getmək istəyən insanlar var və bütün tranzaksiyalar avtomatlaşdırılır. Siz artıq sizi kimin aparacağını və qiyməti seçə bilmirsiniz. Sistem deyir ki, siz 428 rubl ödəyəcəksiniz və siz də o qiymətə gedirsiniz. Bu, avtomatik müəyyən edilən plan qiymətidir".
Qeyd. Komanda və ya planlı iqtisadiyyat – iqtisadi qərarların dövlət və ya xüsusi planlaşdırma orqanları tərəfindən qəbul edildiyi sistemdir.
Belə sistemdə mərkəzi hökumət hansı məhsul və xidmətlərin istehsal olunacağını və necə paylanacağını müəyyən edir. Daha sərt modellərdə dövlət sənayenin böyük hissəsini nəzarətdə saxlayır və resursların bölüşdürülməsini tam idarə edir. Planlaşdırma orqanları istehsal tapşırıqlarını müəyyən edir və müəssisələri bu planlara uyğun işləməyə yönləndirir.
Tarixi nümunələr arasında SSRİ iqtisadiyyatı və 1978-ci ilə qədər Çin iqtisadi sistemi göstərilir. Bu təcrübələr planlı iqtisadiyyatın tez-tez məhsul qıtlığına, resursların səmərəsiz bölüşdürülməsinə, innovasiyanın zəifləməsinə və yüksək bürokratiyaya səbəb olduğunu göstərib. Rəqabətin olmaması məhsul keyfiyyətini də aşağı salıb.
Rusiya iqtisadiyyatının hazırda tənəzzülə meylli olduğu və resessiya həddində olduğu bildirilir. 2026-cı ildə ÜDM artımının təxminən 1% olacağı gözlənilir.
Ekspertlər problemləri bir neçə əsas amillə izah edir. 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumdan sonra tətbiq olunan sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar itki ilə üzləşib.
Həmçinin əmək bazarında ciddi çatışmazlıq və sənaye müəssisələrində aşağı yüklənmə müşahidə olunur. Hesabatlara görə, bir çox zavodlar yalnız təxminən 81% gücü ilə işləyir.
Rusiya hökuməti vəziyyəti dəyişməyə çalışır: Mərkəzi Bank əsas faiz dərəcəsini aşağı salıb, Vladimir Putin isə iqtisadi göstəricilərə görə məmurları tənqid edib.
Samir


