ABŞ Konqresində hakimiyyətdən UNO məlumatlarının açıqlanması tələb edilir

DÜNYA
17:52 / 27.04.2026
43

ABŞ Konqresinin respublikaçı üzvü Tim Berçett hökumətdən naməlum uçan obyektlər (UNO) barədə məlumatların açıqlanmasını tələb edib.

HİT.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Berçett bildirib ki, skeptiklər UNO-ları tez-tez ABŞ, Çin və ya Rusiyanın məxfi texnoloji layihələri kimi qiymətləndirirlər. Lakin onun sözlərinə görə, əgər Çin və ya Rusiya ordusunda belə texnologiyalar mövcud olsaydı, onlar artıq istifadə edilərdi. Konqresmen hesab edir ki, bu obyektlər ABŞ-a da məxsus ola bilməz, çünki belə halda ölkə hərbçiləri yarım milyard dollar dəyərində təyyarələrlə riskli əməliyyatlara cəlb edilməzdi.

Siyasətçi qeyd edib ki, bu cür obyektlər saatlarla havada hərəkətsiz qala, daha sonra isə sürətlə yuxarı qalxa və ya müxtəlif bucaqlardan manevr edə bilir.

Berçett fikirlərini əsaslandırmaq üçün adını açıqlamadığı bir ABŞ admiralına istinad edib. Onun sözlərinə görə, həmin admiral ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin radarı tərəfindən qeydə alınmış böyük sualtı obyekt barədə məlumat verib. İddia olunur ki, bu obyekt futbol meydançası ölçüsündə olub və su altında saatda 300 kilometrdən artıq sürətlə hərəkət edib. Konqresmen vurğulayıb ki, Pentaqonun arsenalında nə ölçü, nə də sürət baxımından belə texnologiya mövcuddur.

Xatırladaq ki, 18 aprel tarixində ABŞ prezidenti Donald Tramp “Turning Point” konservativ hərəkatının Arizonada keçirilən tədbirində yaxın vaxtlarda UFO-larla bağlı hökumət sənədlərinin açıqlanacağını vəd edib.

Samir
 

0