Turistlərə təyyarə biletlərini "ən qısa zamanda" almaq çağırışı edildi

DÜNYA
18:23 / 27.04.2026
40

İspaniyanın sənaye və turizm naziri Jordi Ereunun açıqlamasına görə, turistlər aviabiletləri mümkün qədər tez almalıdırlar, çünki yaxın zamanda qiymət artımı ehtimalı yüksəkdir. Nazir bu artımı İran müharibəsi fonunda neft və aviasiya yanacağının bahalaşması ilə əlaqələndirib.

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"İnsanlara indi bilet almağı tövsiyə edirik, çünki aviaşirkətlər hazırda bir müddət əvvəl alınmış kerosin ehtiyatlarından istifadə edirlər və qiymətlərdə dalğalanma riski var", deyə Ereun bildirib.

Onun sözlərinə görə, turizm İspaniya iqtisadiyyatının əsas sahələrindən biridir və ölkə turist axınının sabit qalacağını gözləyir. Bununla belə, qiymət artımının tələbatı azalda biləcəyi istisna edilmir.

Nazir əlavə edib ki, İspaniyada kerosin ehtiyatları kifayət qədər yüksəkdir və bir çox Aİ ölkəsi ilə müqayisədə istehsal gücü daha yaxşıdır. Lakin o, xəbərdarlıq edib: “Əgər İspaniyaya turist göndərən ölkələrdə problemlər yaranarsa, bu, bizə də təsir edəcək.”

Xatırladaq ki, İran ətrafında baş verən müharibə qlobal aviasiya sektorunda ciddi gərginlik yaradıb. Fars körfəzi ölkələrinin hava məkanının bağlanması uçuşların ləğvi və istiqamət dəyişikliklərinə səbəb olub, bu da biletlərin bahalaşmasına gətirib çıxarıb.

Eyni zamanda Hörmüz boğazının bağlanması səbəbindən aviasiya yanacağı təchizatında yaranan məhdudiyyətlər uçuşların azalmasına və qiymət artımına səbəb olur.

Ekspertlər bildirirlər ki, bu vəziyyət Avropa turistlərinin yay tətili planlarına ciddi təsir göstərə bilər.

Samir

0