Hindistanın Ehtiyat Bankı (RBI) xarici ölkələrdə saxlanılan milli qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır. Məqsəd aktivlərin dondurulması riskini azaltmaq, dollar asılılığını zəiflətmək və mümkün BRİCS valyutası üçün mövqeləri gücləndirməkdir.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.
Məlumatda bildirilir ki, üç il əvvəl ölkənin qızıl ehtiyatlarının cəmi 38 faizi Hindistan ərazisində saxlanılırdısa, 2026-cı ilin mart ayına bu göstərici 77 faizə yüksəlib. 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər RBI 104,2 ton qızılı ölkəyə qaytarıb. 2023–2025-ci illər ərzində isə mərkəzi bank ümumilikdə təxminən 280 ton qızılı Hindistana köçürüb, bunun təxminən üçdə biri əvvəllər Britaniya anbarlarında saxlanılırdı.
Hazırda Hindistanın ümumi qızıl ehtiyatı təxminən 880 ton təşkil edir. Bunun 680 tonu artıq Qərb yurisdiksiyalarından köçürülüb. Təxminən 200 ton qızıl isə hələ də “İngiltərə Bankı” və Beynəlxalq Hesablaşmalar Bankının nəzarətində qalır. World Gold Council-in məlumatına əsasən, Hindistan qızıl-valyuta ehtiyatlarının həcminə görə dünyada ilk onluğa daxildir və səkkizinci yerdə qərarlaşıb (birinci yerdə ABŞ, beşinci yerdə Rusiya yer alır).
Repatriasiya prosesinin sürətləndirilməsinin əsas səbəblərindən biri 2022-ci ildə Qərb ölkələri tərəfindən Rusiya suveren aktivlərinin dondurulmasıdır. Bundan əlavə, Bank of Baroda-nın baş iqtisadçısı Madan Sabnavis bildirib ki, Hindistanın artıq Sinqapur və Dubay kimi alternativ saxlama mərkəzləri mövcuddur və bu da ABŞ və Böyük Britaniyadan asılılığı azaldır.
Qızılın ölkəyə qaytarılması investisiya mühitinin yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, xarici institusional investorlar üçün iqtisadiyyatın sabitliyi və monetar orqanların likvidliyi təmin etmək imkanına dair müsbət siqnal göndərilir. Eyni zamanda, Dehli BRİKS ölkələri üçün mümkün ödəniş vahidinin formalaşması ehtimalını nəzərə alaraq ehtiyat mövqelərini gücləndirməyə çalışır.
Samir


