Uzunömürlülüyün gözlənilməz sirri: Ana qayğısı

SAĞLAMLIQ
19:58 / 11.05.2026
49

İnsanın ömür uzunluğu uşaqların ana qayğısından nə qədər uzun müddət asılı qalması ilə əlaqəli ola bilər. Bu nəticəyə neyrobioloq Metyu Zipplın rəhbərliyi altında çalışan tədqiqatçılar gəliblər. 

HİT.az xəbər verir ki, araşdırma “Proceedings of the National Academy of Sciences” (“PNAS”) jurnalında dərc olunub.

Alimlər qeyri-adi dərəcədə uzunömürlü heyvan növlərini — primatları, balinaları, kaftarları və filləri araşdırıblar. Bu növlərin hamısını birləşdirən əsas xüsusiyyət balalarının uzun müddət ana qayğısından asılı qalmasıdır.

Tədqiqatçılar sahə müşahidələrinin məlumatları əsasında riyazi modellər quraraq müəyyən ediblər ki, balaların sağ qalması birbaşa ananın həyatda qalmasından asılı olduqda təbii seçmə daha uzunömürlü anaları üstün tuta bilər.

Metyu Zippl bildirib ki, “insanların bir çox digər məməlilərlə müqayisədə bu qədər uzun yaşamasının səbəblərindən biri həyatımızın fundamental xüsusiyyəti — ana və uşaq arasındakı bağlılıq ola bilər”.

Əksər məməlilərdə ömür uzunluğu bədən ölçüsü ilə təxminən əlaqəlidir. Lakin bəzi növlər oxşar çəkidə olan heyvanlardan xeyli daha uzun yaşayır. Bunlara insanlar, bəzi primatlar, kaftarlar, müəyyən balina növləri və fillər daxildir. Bu heyvanlar adətən sosial qruplarda yaşayır və bir-birlərinə aktiv şəkildə yardım edirlər.

Əvvəllər alimlər uzunömürlülüyü “nənə hipotezi” ilə izah etməyə çalışırdılar. Bu nəzəriyyəyə görə, bəzi növlərdə dişilər menopauzadan sonra nəvələrinin böyüdülməsinə kömək edir və bununla onların sağ qalma şansını artırırlar. Lakin bu hipotez yalnız məhdud sayda növə, o cümlədən insanlara və qatil balinalara aid edilə bilir.

Yeni tədqiqatın müəllifləri isə diqqəti məhz anaların roluna yönəldiblər. Onlar ananın ölümünün balaların sağ qalmaq və gələcəkdə öz nəslini böyütmək şansına necə təsir etdiyini araşdırıblar.

Bütün modellərdə eyni qanunauyğunluq müşahidə olunub: bala nə qədər çox anadan asılıdırsa, uzun ömür və daha yavaş çoxalma xüsusiyyətlərinin təkamül yolu ilə formalaşma ehtimalı bir o qədər artır. Məsələn, ana çox erkən öldükdə bu, balanın sağlamlığına mənfi təsir göstərə və onun gələcəkdə öz balalarına qayğı göstərmək qabiliyyətini azalda bilər. Bu təsir nəsillər boyunca ötürülə bilər.

Tədqiqatçı izah edib ki, ananın sağ qalması ilə nəslin uğuru arasındakı əlaqə gücləndikcə, daha uzun ömür və daha nadir çoxalma xüsusiyyətlərinin inkişaf etdiyini görürük. İnsanlarda müşahidə etdiyimiz mənzərə də məhz budur.

Araşdırma ata qayğısının təsirini əhatə etməyib. Müəlliflər qeyd edirlər ki, öyrənilən növlərdə balalara əsas qayğını analar göstərir və ataların təsirinə dair məlumat toplamaq daha çətindir.

Samir
 

0