ABŞ sərhəd xidməti “Disney” şirkətinə məxsus kruiz gəmisinin bəzi əməkdaşlarını uşaq istismarı ilə bağlı materiallarla əlaqəli cinayətlərdə şübhəli bilinərək saxlayıb.
HİT.az xəbər verir ki, bu barədə “People” jurnalı yazır.
Bildirilir ki, apreldə ABŞ hüquq-mühafizə orqanları San-Diyeqo limanına daxil olan səkkiz kruiz gəmisində əməliyyat keçirib. Dindirilmələrdən sonra ümumilikdə 27 nəfərin uşaq istismarı ilə bağlı materialların əldə edilməsi, saxlanılması, izlənməsi və ya yayılmasında iştirak etdiyi müəyyən edilib.
Şübhəlilər arasında 26 Filippin vətəndaşı və 1 Portuqaliya vətəndaşı var. Araşdırmaların yekunlaşmasından sonra onların deportasiya ediləcəyi bildirilir.
“People” qeyd edir ki, saxlanmaların bir hissəsi sərnişinlərin gözü qarşısında birbaşa kruiz gəmilərinin göyərtəsində həyata keçirilib. Bu gəmilərdən biri “Disney Cruise Line” şirkətinə məxsus olub.
Şirkət nümayəndəsi açıqlamasında “Disney”in bu kimi hallara qarşı sıfır tolerantlıq siyasəti apardığını və istintaq orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.
Samir


