ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Kuba sahilləri yaxınlığında kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
HİT.az bu barədə CNN-ə istinadən xəbər verir.
"FlightRadar24" məlumatlarına əsasən, 4 fevraldan etibarən ABŞ qüvvələri ən azı 25 uçuş həyata keçirib. Bu uçuşlarda həm pilotlu təyyarələrdən, həm də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Uçuşların əksəriyyəti Kuba paytaxtı Havana və Santyaqo-de-Kuba şəhərləri yaxınlığında qeydə alınıb. Bəzi missiyalar isə sahildən təxminən 40 mil məsafədə icra edilib.
Məlumata görə, əməliyyatlarda əsasən P-8A Poseidon dəniz patrul təyyarələri və RC-135V Rivet Joint radioelektron kəşfiyyat təyyarələri istifadə olunub. Bundan əlavə, MQ-4C Triton tipli yüksək hündürlüklü pilotsuz uçuş aparatları da cəlb edilib.
CNN qeyd edir ki, bu uçuşlar həm intensivliyi, həm də qəfil artımı ilə diqqət çəkir. Fevral ayından əvvəl bölgədə bu qədər açıq şəkildə müşahidə olunan kəşfiyyat fəaliyyəti nadir hallarda qeydə alınırdı.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Kubaya qarşı sərt bəyanatları və yeni sanksiya siyasəti fonunda gərginlik artıb. O, Kuba hökumətini ABŞ milli təhlükəsizliyi üçün “təhlükə” adlandırıb və ölkəyə qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib.
Kubalı rəsmilər isə bu iddiaları rədd edərək, ABŞ üçün təhlükə yaratmadıqlarını bildiriblər və dialoqa hazır olduqlarını vurğulayıblar. Eyni zamanda, mümkün hücum halında uzunmüddətli müqavimət göstərəcəklərini də istisna etməyiblər.
CNN-in yazdığına görə, oxşar vəziyyətlərdə ABŞ administrasiyasının sərt ritorikası ilə kəşfiyyat uçuşlarının artması Venesuela və İranla bağlı əvvəlki gərginlik dövrlərində də müşahidə olunub.
Samir


