Almaniyanın müxtəlif siyasi partiyalarının nümayəndələri siyasətçilərin təhqir edilməsini qadağan edən qanuna yenidən baxılması ideyasını dəstəkləyirlər.
HİT.az xəbər verir ki, bu barədə siyasi qüvvələrin nümayəndələri ilə söhbətləşən "Politico" yazıb.
Siyasətçiləri qanuna yenidən baxılması məsələsini gündəmə gətirməyə sövq edən səbəblər arasında kansler Fridrix Mertsi “Pinokkio” və ya “yalançı Frits” adlandıran şəxslərə qarşı açılan səs-küylü cinayət işləri də var.
Qanun 1951-ci ildən qüvvədədir. Lakin 2021-ci ildə kansler Angela Merkelin hökuməti ifrat sağçı ekstremizmlə mübarizə zərurətini əsas gətirərək qanunu sərtləşdirib. Hazırda bu qanuna əsasən siyasətçiləri təhqir etməyə görə üç ilədək həbs cəzası və ya cərimə nəzərdə tutulur.
"Politico" qeyd edir ki, partiyalar qanunun dəyişdirilməsinin zəruri olduğu ilə razılaşsalar da, bunun necə və nə vaxt həyata keçirilməli olduğu barədə ortaq mövqedə deyillər.
Solçu "Die Linke" və sağçı "Almaniya üçün Alternativ" ("AfD") partiyaları qanunun ləğvini tələb edirlər. Lakin onların bununla bağlı qanun layihələri daha əvvəl Bundestaq tərəfindən rədd edilib.
Fridrix Mertsin də üzvü olduğu Xristian Demokrat İttifaqı (XDİ), Almaniya Sosial Demokrat Partiyası və "Yaşıllar" partiyası isə qanuna yenidən baxılmasının tərəfdarıdır. Bununla belə, onlar hələlik bununla bağlı öz qanun layihələrini hazırlamırlar.
XDİ-nin nümayəndəsi, Baden-Vürtemberq əyalətinin ədliyyə naziri Morits Oppelt bildirib ki, qanun siyasətçiləri yerli səviyyədə qorumaq məqsədilə hazırlanıb.
"Yüksək vəzifəli siyasətçilər isə... sərt tənqidə dözməyi bacarmalıdırlar", – Oppelt deyib.
Qanunun ləğvini tələb edən "Die Linke" deputatı Lük Hoss isə bildirib ki, “Fridrix Merts kimi siyasətçilər özləri sadə insanları daim təhqir edir, onları tənbəl və ya özünü xəstə kimi göstərən şəxslər adlandırırlar”.
Samir


