Məlum olduğu kimi, İsraildə parlament seçkiləri keçiriləcək.
27 oktyabrda keçiriləcək seçkidən əvvəl partiyalar arasında qızğın mübarizə gedir. Son rəy sorğuları hazırkı Baş nazir Benyamin Netanyahunun reytinqinin kəskin zəiflədiyini göstərir. Bir çox ekspert onun seçkilərdə məğlub olacağını və müxalifətin hakimiyyətə gələcəyini proqnozlaşdırır. Bəzi siyasi analtiklər isə Netanyahunun reytinqi aşağı düşməsinə rəğmən, yenidən seçiləcəyini gözləyirlər.
Maraqlıdır, hazırda İsraildə seçkiöncəsi vəziyyət necədir? Kim seçkidə qalib gəlməyə daha yaxındır? Benyamin Netanyahunun yenidən seçilmək şansları nə qədərdir?
Mövzu ilə bağlı politoloq Müşfiq Abdulla Hit.az-a açıqlama verib.
O bildirib ki, hazırda siyasi müşahidəçiləri seçkiöncəsi İsraildəki siyasi qüvvələrin reytinqi və yeni hökumətin hansı siyasi qüvvə, partiya və ya blok tərəfindən formalaşdırılacağı maraqlandırır:
“Bununla əlaqədar müxtəlif sorğular keçirilir və İsrailin yeni baş nazirinin kim olacağı müzakirə edilir. Son rəy sorğuları göstərir ki, hazırkı Baş nazir Benyamin Netanyahunun mövqeyi seçkilərlə bağlı xeyli zəifləyib və İsraildə müxalifətin hakimiyyətə gəlmək şansı artıb. Bu baxımdan seçkiöncəsi aparılan rəy sorğuları müəyyən dəqiq proqnozlar verməyə imkan verir.
Belə ki, İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, “Yashar” partiyasının sədri Qadi Eyzenkotun reytinqi getdikcə artır. Siyasi müşahidəçilər hesab edirlər ki, Qadi Eyzenkotun oktyabrın 27-də keçiriləcək seçkilərdə qələbə qazanaraq Netanyahunu məğlub etmək və hakimiyyətə gəlmək şansı yüksəkdir.
Keçirilən son rəy sorğularında respondentlərə “Oktyabrın 19-da seçkilər olsaydı, kimə səs verərdiniz?” sualı ünvanlanıb. Səsvermənin nəticələrinə görə, Qadi Eyzenkotun partiyası qalib gəlib və seçicilərin 47 faizi onu baş nazir postunda görmək istədiyini bildirib. Bununla da Qadi Eyzenkot 26 mandat qazanmaq şansı əldə edə bilər”.
Ekspert qeyd edib ki, İsrailin 13-cü kanalının keçirdiyi əvvəlki rəy sorğusunda onun partiyası 24 mandat qazanırdısa, bu dəfə göstərici 26-ya yüksəlib:
“Siyahıda ikinci yeri hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası tutur. “Likud” partiyasının əvvəlki sorğularda 21 deputat yeri qazanacağı ehtimal edilirdisə, hazırda bu göstərici 2 mandat artaraq 23-ə çatıb. Buna baxmayaraq, Netanyahunun qələbə qazanmaq imkanları zəifləməkdə davam edir. Əvvəllər müxalifət düşərgəsində daha yüksək reytinqə malik olan sabiq baş nazirlər Naftali Bennet və Yair Lapidin formalaşdırdığı birlik partiyasının reytinqi geriləyib.
Hazırkı göstəricilərə əsasən, onlar seçkilərdə cəmi 14 deputat mandatı qazanmaq imkanına malikdirlər. Digər yerləri isə 10 mandatla Yair Qolanın “Demokratlar” partiyası və 12 mandatla Aviqdor Libermanın partiyası bölüşdürür. Ümumi rəy sorğuları göstərir ki, bu seçkidə əsas rəqabət Binyamin Netanyahu ilə Qadi Eyzenkot arasında gedəcək. Eyzenkotun baş nazir seçilmək şansı yüksəlir və o, 47 faiz dəstəyə malikdir.
Fərqli sorğu mərkəzlərinin göstəricilərinə görə namizədlərin şansları dəyişə bilir. Məsələn, “Next Data” sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Netanyahunun partiyası 32 mandat, Eyzenkotun partiyası isə 24 mandat qazanaraq ikinci yeri tutmaq imkanına malikdir. Lakin bütün bunlara baxmayaraq, ana rəqabət yenə də Eyzenkot ilə Netanyahu arasında gözlənilir və son sorğular keçmiş Baş Qərargah rəisinin qalib gəlmək imkanlarının daha artdığını göstərir”.
Müşfiq Abdullanın sözlərinə görə, sol-mərkəzçi mövqe tutan Qadi Eyzenkotun 11 mandat qazanacağı gözlənilən Mənsur Abbasın Ərəb partiyası ilə koalisiya quraraq parlamentdəki səs balansını öz xeyrinə dəyişə və baş nazir postunu tutma ehtimalı da var:
“Bütün bu amillər İsraildə tamamilə yeni bir siyasi dövrün başlanğıcı ola bilər. Hər halda, Benyamin Netanyahunun növbəti seçkilərdə qələbə qazanmaq şansı zəif qiymətləndirilir. Əgər o məğlub olarsa, İsrailin daxili və xarici siyasətində yeni bir mərhələnin başlanması və daxili islahatların aparılması gözlənilir. Çünki son zamanlar ölkədə iqtisadi problemlər səbəbindən Netanyahu hökumətindən narazılıq artıb və bu da yeni hökumətin formalaşması ehtimalını gücləndirir.
Lakin nəzərə almaq lazımdır ki, istər müxalifətdən, istərsə də hazırkı hakimiyyətdən kimin qalib gəlməsindən asılı olmayaraq, siyasi partiyaların fərdi reytinqləri çox yüksək deyildir. Seçicilərin təxminən 63 faizində ümumi bir inamsızlıq mövcuddur. Bu səbəbdən seçkilərdən sonra geniş koalisiya hökumətinin qurulması zərurəti yarana bilər. Mövcud faktlar və son göstəricilər Qadi Eyzenkotun qalib gələrək İsrailin yeni Baş naziri olmaq şansının daha yüksək olduğunu nümayış etdirir”.
Elmir Mustafa



