Danimarka sahilləri yaxınlığında 1917-ci ildə batan alman sualtı qayığı UC-30 təxminən bir əsr sonra yenidən araşdırılıb. Tədqiqat paslanan sursatların dəniz suyuna kimyəvi maddələr sızdıraraq bölgədəki canlılar və balıqçılıq zənciri üçün risk yarada biləcəyini göstərib.
HİT.az xəbər verir ki, dənizin dibində təxminən bir əsr qalan alman sualtı qayığı yalnız müharibə tarixinin qalıntısı olmaqdan çıxaraq Şimal dənizindəki ekoloji risklərin mühüm nümunəsinə çevrilib. Almaniyaya məxsus UC-30 tipli mina döşəyən sualtı qayıq 1917-ci ildə Danimarka sahilləri yaxınlığında Britaniya minasına çırpılaraq batıb. Sualtı qayıqla birlikdə onun içərisindəki sursatlar və 27 nəfərlik heyətin cəsədləri də dənizin dibində qalıb.
Uzun illər diqqətdən kənarda qalan gəmi qəzası son dövrdə aparılan genişmiqyaslı sualtı xəritələndirmə işləri sayəsində yenidən araşdırılıb. Orhus Universitetindən yer elmləri üzrə mütəxəssis Katrine Yuul Andresenin rəhbərlik etdiyi tədqiqat qrupu müharibə dövründən qalan bu cür batıqların zaman keçdikcə yalnız tarixi qalıqlar olmadığını ortaya qoyub. Paslanan sursatlar dəniz canlıları və balıqçılıq üçün kimyəvi təhlükə yarada bilər.
Sualtı qayığın üzərində və ətrafında aşkarlanan sursatların tərkibində TNT, RDX və DNB kimi partlayıcı kimyəvi maddələr var. Metal konstruksiyaların illər ərzində korroziyaya uğraması nəticəsində bu maddələr dəniz suyuna qarışa bilər. Tədqiqatçılar UC-30 ətrafındakı çirklənmənin canlılara təsirini qiymətləndirmək üçün Mytilus edulis növündən olan göy midyələrdən təbii indikator kimi istifadə ediblər.
Sualtı qayığın ətrafındakı dəniz suyunda hər litr üçün təxminən 72,6 nanoqram TNT aşkarlanıb. Miqdar az görünsə də, araşdırma bu səviyyədə çirklənmənin midyələrdə əhəmiyyətli bioloji təsirlər yarada biləcəyinə işarə edir. Kimyəvi maddələr canlıların təbii detoksifikasiya fermentlərinin fəaliyyətini pozmaqla yanaşı, onların metabolizminə də mənfi təsir göstərir. Bundan əlavə, çoxalma üçün istifadə olunan qlikogen enerji ehtiyatlarının azalmasına səbəb ola bilər.
Danimarka ərazi sularında təxminən 10 127 batıq olduğu, onların təxminən 15 faizinin dünya müharibələri dövründən qaldığı bildirilir. Zaman keçdikcə paslanan metal hissələr və aşınan qoruyucu örtüklər sursatların tərkibindəki kanserogen maddələrin ətraf mühitə daha çox yayılmasına şərait yarada bilər.
Almaniyanın Baltik dənizində oxşar sursatları dənizdən çıxarmaq cəhdləri isə problemin həllinin asan olmadığını göstərib. Sualtı robotlar vasitəsilə sursatların toplanması və ya nəzarətli şəkildə partladılması yüksək xərc tələb edən proseslərdir. Buna görə mütəxəssislər qumla təbii şəkildə örtülmüş və ətraf mühitdən təcrid olunmuş bəzi batıqlara müdaxilə etməməyin ekoloji baxımdan daha təhlükəsiz ola biləcəyini bildirirlər.
Samir


