Səhranın ortasında tapılan 80 milyon illik köpəkbalığı dişlərinin sirri açıldı

DÜNYA
18:29 / 29.08.2026
35

Bu gün tamamilə quraq səhradan ibarət olan Misirin Qərb Səhrası milyonlarla il əvvəl isti və dayaz dənizlə örtülü olub. Əbu-Tartur yaylasında tapılan təxminən 80 milyon illik köpəkbalığı dişləri həmin ərazidə zəngin dəniz ekosisteminin mövcud olduğunu ortaya çıxarıb.

HİT.az xəbər verir ki, Qahirə Universitetinin paleontoloq Tarek Yassinin rəhbərlik etdiyi tədqiqat qrupu Əbu-Tartur yaylasında apardığı araşdırmalar zamanı müxtəlif köpəkbalığı növlərinə aid fosilləşmiş dişlər aşkarlayıb. "Cretaceous Research" jurnalında dərc olunan araşdırmaya əsasən, bölgədə ən azı yeddi fərqli köpəkbalığı növünün yaşadığı müəyyən edilib.

Tədqiqatçıların fikrincə, Son Təbaşir dövründə indiki Misir Qərb Səhrasının yerləşdiyi ərazi Tetis okeanının cənub sərhədindəki isti və dayaz dənizin altında olub. Sonrakı dövrlərdə dəniz səviyyəsinin azalması və tektonik proseslər nəticəsində sular geri çəkilib, qədim dəniz dibi isə milyonlarla il ərzində dəyişərək bugünkü səhraya çevrilib.

Araşdırma zamanı 14 müxtəlif tip köpəkbalığı dişi incələnib. Onların arasında uzun və nazik dişlərlə yanaşı, ovunu parçalamağa uyğun geniş və mişarvari dişlər də aşkarlanıb. Bu fərqlər qədim dənizdə yaşayan köpəkbalıqlarının müxtəlif qidalanma və ov strategiyalarından istifadə etdiyini göstərir.

Alimlər beş nəsli kəsilmiş növün izlərini müəyyən ediblər. “Serratolamna cf. serrata” və “Squalicorax bassanii” Misirin fosil qeydlərində ilk dəfə aşkarlanıb. “Cretalamna cf. maroccana”, “Scapanorhynchus cf. raphiodon” və “Squalicorax pristodontus” isə Əbu-Tartur bölgəsində ilk dəfə qeydə alınıb.

Dişlərin forması həmçinin köpəkbalıqlarının dənizin müxtəlif hissələrində yaşadığını göstərir. Məsələn, “Squalicorax” növlərinin sahilə yaxın dayaz sularda, “Scapanorhynchus” növünün isə daha dərin ərazilərdə məskunlaşdığı ehtimal edilir.

Köpəkbalıqlarının skeleti əsasən qığırdaqdan ibarət olduğundan onların tam fosilləşməsi olduqca nadirdir. Buna görə də milyonlarla il əvvəl yaşamış bu canlıların dişləri qədim dəniz ekosistemini öyrənmək üçün mühüm elmi mənbə hesab olunur.

Beləliklə, bu gün səhranın ortasında yerləşən Əbu-Tarturun təxminən 80 milyon il əvvəl müxtəlif köpəkbalıqlarının məskunlaşdığı zəngin və mürəkkəb dəniz ekosistemi olduğu üzə çıxıb.

Samir
 

0