İnklüziv uşaqların təhsildə qarşılaşdıqları əsas problemlər nələrdir?

SOSİAL
17:00 / 27.08.2026
190

“İnklüziv uşaqların həmyaşıdları ilə birgə təhsildə qarşılaşdığı əsas problemlərdən biri sinif mühitinin uyğun olmamasıdır”.

Bu sözləri klinik psixoloq Səbinə Şirəlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, tədris proqramı həmin uşaqlar üçün çətinlik törədir, onların öyrənmə tempinə və sürətinə uyğun gəlmir:


“Müəllimlərin təcrübəsinə gəldikdə isə, onların çoxu inklüziv təhsil üzrə xüsusi təlim keçməyib. Müəllimlər bəzən 30 uşağa dərs keçə bilsələr də, inklüziv uşaqlara fərdi yanaşma göstərə bilmədiklərini bildirirlər. Həmçinin, hamı üçün eyni proqram və eyni imtahan tətbiq olunur, fərqli öyrənmə sürəti nəzərə alınmır”.

Psixoloq digər problemlərdən də bəhs edib:
“Siniflərdə psixoloq və xüsusi təhsil müəllimi kimi dəstək mütəxəssislərinin azlığı da ciddi problemdir. Halbuki sinifdə inklüziv uşaq varsa, ona dəstək verəcək bir mütəxəssisin olması vacib amildir. Sosial və psixoloji baxımdan yanaşdıqda, həmyaşıdları bəzən inklüziv uşaqlara “o başqadır”, “mənimlə oynamır” gözü ilə baxır, onları ələ sala bilirlər ki, bu da həmin uşaqlara mənfi təsir edir. 

Məsələn, autizmli uşaqlar diqqətlərini tam cəmləyə bilmir, sosiallaşmada çətinlik çəkirlər və diqqətləri tez dağılır. Bu vəziyyət valideynlərdə də müəyyən qorxular yaradır. Digər uşaqların valideynləri övladlarının təhsildən geri qalacağından narahat olur, inklüziv uşağın valideyni isə övladının qəbul olunmayacağından çəkinir. Nəticədə ünsiyyət problemləri dərinləşir və uşaq özünü ifadə edə bilmədikdə təcrid olunur”.

Mütəxəssis vurğulayıb ki, valideynlər digər uşaqlara övladlarının fərqliliyini izah etməlidirlər: 
“Yəni “O, sənin kimi deyil, amma sənin kimi dəyərlidir və dost ola bilər”. Qorxu yerinə maraq yaratmalı, açıq ünsiyyət qurmalı, uşağın güclü və zəif tərəflərini müəllimə izah etməli, valideyn qrupu yaradaraq övladlarının sosiallaşması üçün mübarizə aparmalıdırlar.

Çünki inklüziv uşaq məhz digər uşaqların arasında sosiallaşmağı və ünsiyyət qurmağı öyrənir. Şagirdlər də bu uşaqlara dost olmalı, kömək etməli, onları lağa qoymamalı, “Niyə belə danışırsan?” və ya “Niyə belə hərəkət edirsən?” kimi incidici suallar verməməlidirlər”.

Səbinə Şirəlizadə fikirlərini belə yekunlaşdırıb:
“Məktəblərdə müəllimlər mütləq maarifləndirilməli, müəllimlərin, valideynlərin və xüsusi mütəxəssislərin iştirakı ilə birgə layihələr təşkil olunmalıdır. Müəllimlər təlim keçməli, uyğun sinif mühiti yaratmalı və qiymətləndirmə yanaşmasını dəyişməlidirlər. Təkcə “5” qiyməti almağa fokuslanmaq əvəzinə, uşağın müəyyən bir işi bacarmasına görə “Bu gün bunu bacardın, afərin sənə, irəliləyiş var” kimi sözlərlə dəstək göstərilməlidir”.

Pərviz 

0