“Bəzən reallaşması mümkün olmayan ssenariləri beynimizdə qururuq”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“İnsan beyni gələcəyi proqnozlaşdırmağa çalışan bir sistemdir. Beynin əsas məqsədlərindən biri təhlükəni əvvəlcədən görmək və o təhlükəyə qarşı həll yolu tapmaqdır. Ona görə də ortada real təhlükə olmasa belə, beyin “Bəs bu olsa?”, “Bəs bu cür baş verərsə?”, “Birdən belə alınsa, nə edə bilərəm?” kimi suallar yaradır.
Məsələn, bir insan bizə gec cavab verəndə beynimiz dərhal həmin anda ssenarilər qurmağa başlayır: “Yəqin ki, nəsə olub”, “Məndən inciyibmi?”, “Münasibətimizdə bir problem var?”. Halbuki ortada yalnız cavabsız qalmış bir zəng və ya mesaj var; qalanını isə öz düşüncələrimizdə tamamlamağa başlayırıq”.
Ekspert mənfi ssenarilərə nə üçün daha çox meylli olduğumuzdan da bəhs edib:
“Çünki beynimiz təhlükəni görməyə daha həssasdır. Psixologiyada bu hal “neqativliyə meyllilik” kimi izah edilir. Yəni insanlarda “Yaxşı bir şey olacaq” düşüncəsindən daha çox, “Birdən pis bir şey olar?” sualını yoxlamaq meyli daha güclüdür.
Müasir həyatda real təhlükələr azaldıqca, bu mexanizm bəzən ehtimal olunan, baş verməsi şübhəli problemləri də real təhlükə kimi qəbul etməyə başlayır. Əgər normal həyatımızda real problemlər nisbətən azdırsa, gələcəkdə baş verə biləcək hər hansı situasiyanı problem kimi qavramağa başlayırıq”.
Psixoloq vurğulayıb ki, həyatımızda yaşamadığımız və baş verməyən ssenariləri təhlükə kimi görmək özümüzə, sağlamlığımıza və psixologiyamıza zərər verir:
“Beyin düşündüyümüz fikirlərin gerçək olub-olmadığını fərqləndirmədən, onları artıq baş vermiş kimi qəbul etdiyi üçün bədən də buna müvafiq reaksiya verir. Gün ərzində dəfələrlə özümüzü stressə salaraq bir çox mövzular haqqında gərgin şəkildə düşünəriksə, bu, bədənimizə, düşüncələrimizə və emosiyalarımıza təsir göstərəcək. Çünki beyin onu gerçək kimi qavrayaraq bədənə stress və həyəcan siqnalı verəcək.
Burada əsas problem beynimizdən ssenarinin keçməsi deyil; problem həmin ssenariyə inanmağa başlamağımızdır. İnsan gün ərzində “Birdən işimi itirərəm”, “Birdən xəstələnərəm”, “Uşağımın başına bir iş gələr” kimi yüzlərlə, milyonlarla ehtimal üzərində düşünə bilər. Beləliklə, insan bəzən baş verməmiş hadisənin emosional yükünü daşımağa başlayır”.
Nabat Mirzəyeva bu düşüncələrdən xilas olmağın yollarını da göstərib:
“İlk növbədə özümüzə sual verməliyik: “Bu düşündüklərim gerçəkdirmi?” Cavab aydındır: Bu bir həqiqət və ya fakt deyil, sadəcə bir düşüncədir, gerçəkliyi olmayan bir ehtimaldır. Daha sonra özünüzdən soruşmağa çalışın: “Bu baş verərsə, ən pis halda nə olacaq və mən bununla necə bacaracağam?”
Məsələn, “İşimi itirsəm nə edəcəyəm?”, “Ən pis nə baş verə bilər və mən buna necə həll yolu tapa bilərəm?”. Bu sual beynə “Mən aciz deyiləm, bunun da bir həll yolunu tapacağam” mesajını ötürür. Sizi narahat edən düşüncə nə olursa-olsun, o baş verərsə nə edə biləcəyinizə və hansı həll yolunu tapa biləcəyinizə fokuslanmalısınız”.
Mütəxəssis əlavə edib ki, nəzarət edə biləcəyimiz məsələlərə diqqət yetirməliyik:
“Gələcəyi dəfələrlə düşünmək əvəzinə, bu gün edə biləcəyimiz işlərə və hədəflərə yönəlməliyik. Gələcəklə bağlı narahatlıq yaradan situasiyalara cavab tapılmadıqda, diqqəti bu günə, yaşadığımız ana yönəltmək və beynə fasilə vermək lazımdır.
Yuxu rejimimizə nəzarət etməli, sağlam yatmağa çalışmalı, sosial media istifadəsini və informasiya yükünü azaltmalı, fiziki aktivliyi artırmalıyıq. Nəfəs məşqləri etməli, diqqətimizi real fəaliyyətimizə və yaşadığımız ana kökləməliyik.
Özünüzlə dialoq quraraq daxili aləminizi araşdırmağa çalışın. Gerçəkləşməsi sual altında olan ehtimallar əvəzinə özünüzə yönəlin. Bəzən insan baş verməyən hadisənin kədərini, gəlməyən təhlükənin qorxusunu və yaşamayacağı bir problemin stressini indidən yaşayır. Beyin bizi qorumaq üçün ssenarilər qurur, lakin biz hər ssenarini həqiqət kimi qəbul etməməliyik”.
Pərviz



