Rusiya ilə Ukrayna sentyabrda danışıqlara başlayacaq?

DÜNYA
15:55 / 27.08.2026
237

Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi yenidən bərpa oluna bilər.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov açıqlama verib. Onun sözlərinə görə, müharibənin başa çatdırılması üzrə danışıqlar çərçivəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər. Budanov hazırda danışıqların aparılmadığını, ancaq onun bərpasının mümkün olduğunu söyləyib.
 
Maraqlıdır, həqiqətən Rusiya ilə Ukrayna arasındakı danışıqlar sentybarda bərpa oluna bilərmi? Bərpa olunacağı təqdirdə, müharibənin dayandırılma ehtimalı nə dərəcədə realdır?

Politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib ki, Moskva ilə Kiyev arasındakı danışıqların yeni mərhələsinin başlayacağı vaxtı öncədən dəqiq söyləmək mümkünsüzdür:


“Burada söhbət iki variantlı danışıqlardan gedir. Bir, Rusiya və Ukrayna nümayəndələrinin vasitəçisiz, birbaşa özlərinin görüşərək danışması variantı; digəri isə beynəlxalq vasitəçilər, yəni ABŞ və ya Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə danışıqlar. İkitərəfli danışıqların indiki şəraitdə mümkünlüyü birmənalı olaraq istisna edilir. Çünki tərəflərin mövqeyi bir-birinə daban-dabana ziddir. Hətta atəşkəsə nail olmağın şərtləri barəsində belə razılığa gəlmək mümkün olmur. 

Bu gün şərtsiz atəşkəs razılaşmasısının əldə olunması ən asan məsələdir, amma onu da razılaşdıra bilmirlər. Ukraynanın işğal olunmuş ərazilərinin taleyi, onların statusu, Krımın taleyi, Ukraynanın bitərəflik statusu, onun NATO və Avropa İttifaqına daxil olması kimi mürəkkəb məsələlər barədə razılaşmaq ümumiyyətlə mümkünsüzdür. Buna görə ikitərəfli danışıqların sentyabrda baş tutma ehtimalı tamamilə sıfıra bərabərdir”.

Ekspert qeyd edib ki, beynəlxalq vasitəçilərin kimliyi məsələsi də son dərəcə mürəkkəb və qeyri-müəyyəndir: 
“Hazırda Rusiya-Ukrayna danışıqlarında kimin vasitəçilik etdiyi bəlli deyil. Kimin vasitəçiliyinin daha önəmli və təsirli ola biləcəyi də bilinmir. İndiyə qədər Türkiyənin vasitəçiliyi ilə aparılan, müxtəlif ərəb ölkələrində gedən, habelə ABŞ nümayəndə heyətinin iştirakı ilə aparılan danışıqlar praktiki cəhətdən heç nəyə gətirib çıxarmadı.

Bu gün ABŞ danışıqlarda rəsmi vasitəçilikdən açıq şəkildə imtina edib. Bildiriblər ki, Vaşinqton danışıqlara vasitəçi kimi yalnız o vaxt qayıdacaq ki, onun vasitəçiliyinin real olaraq hansısa bir nəticə verəcəyinə əminlik yaransın”.

Politoloqun fikrincə, Avropa ölkələri isə indiki şəraitdə Rusiya ilə hətta təmaslara belə başlaya bilmirlər: 
“Eyni zamanda, Rusiya ilə Ukraynanın arasında gedən danışıqlarda Avropa İttifaqının iştirakı bu gün ən ciddi məsələlərdən və suallardan biridir. Əslində, Avropa İttifaqının bu danışıqlarda vasitəçi kimi iştirak etməsi də mümkünsüzdür. Çünki Rusiya hesab edir ki, bu ittifaq müharibənin bir tərəfi olduğu üçün danışıqlarda vasitəçi kimi iştirak edə bilməz. Hərçənd ki, Avropa İttifaqı Ukrayna ilə Rusiyanın arasında gedəcək danışıqlara iştirakçı kimi qatılmaq niyyətindədir. 

Lakin indiyə qədər Avropanı Ukrayna-Rusiya danışıqlarında hansı ölkənin və yaxud da ki hansı şəxsin təmsil edəcəyi ilə bağlı konkret bir mövqe yoxdur. Ona görə də sentyabrda başlanması güman edilən danışıqların həm baş tutma ehtimalı yoxdur, həm də onun hansısa bir nəticə verəcəyi hələlik gözlənilmir”.

Pərviz

0