Rusiya prezidenti Vladimir Putinin Avropada həyata keçirdiyi hibrid əməliyyatlar Moskva ilə NATO arasında təsadüfi hərbi qarşıdurma riskini artırır.
HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyatındakı mənbələrə istinadən yazıb.
Qərb rəsmilərinin fikrincə, Kreml NATO ilə birbaşa müharibədə maraqlı deyil. Lakin Rusiya Avropa ölkələrində diversiya, kibermüharibə və digər hibrid əməliyyatları davam etdirmək niyyətindədir. Kəşfiyyat nümayəndələri hesab edir ki, belə fəaliyyətlərdən hər hansı biri gözlənilməz nəticələrə və nəzarətdən çıxan eskalasiyaya səbəb ola bilər.
Məlumata görə, Rusiya son illərdə Böyük Britaniya, Estoniya və Polşa da daxil olmaqla NATO ölkələrində bir sıra diversiya əməliyyatlarında şübhəli bilinir. Moskvanın bu məqsədlə yerli cinayətkar qruplardan istifadə etdiyi və bununla da birbaşa iştirakını gizlətməyə çalışdığı bildirilir.
Qərb kəşfiyyatı xüsusilə Rusiyanın sabotaj və kiberhücumlarının NATO ölkələrinin kritik infrastrukturuna yönəlməsindən narahatdır. Belə hücumların yanlış hesablamalar nəticəsində daha geniş qarşıdurmaya çevrilə biləcəyi vurğulanır.
“The Telegraph” həmçinin Moskvanın Böyük Britaniyaya qarşı sərt ritorikasına diqqət çəkib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Londonun Ukraynaya dəstəyinin “faciəvi nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Kreml xüsusilə Ukraynanın Qərb silahlarından istifadə etməklə Rusiya ərazisindəki hərbi və enerji obyektlərinə zərbələr endirməsindən narazıdır. Rusiya rəsmiləri dəfələrlə Britaniya hərbi obyektlərini və texnikasını mümkün cavab zərbələrinin hədəfi kimi göstəriblər.
Bununla belə, Qərb rəsmiləri bu cür bəyanatları Moskvanın Ukraynanın müttəfiqlərinə təzyiq göstərmək üçün istifadə etdiyi ənənəvi ritorika kimi qiymətləndirirlər.
Nəşrin məlumatına görə, Qərb rəsmiləri Rusiya rəhbərliyinin Ukraynadakı hücumların nəticələrindən də narazı olduğunu düşünür. Moskva Donbasın tam ələ keçirilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.
Bunun fonunda Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri artırdığı bildirilir.
Qərb dövlətləri isə Rusiyanın Avropadakı hibrid fəaliyyətlərinə qarşı ayıq-sayıq olmağa çağırır. Kəşfiyyat rəsmilərinin fikrincə, nisbətən məhdudmiqyaslı bir diversiya belə yanlış anlaşılma və cavab tədbirləri nəticəsində daha böyük Rusiya-NATO qarşıdurmasına yol aça bilər.
Samir


