Ali təhsildə daha qısa müddətdə bakalavr diplomu əldə etmək modeli getdikcə diqqət çəkir.
ABŞ-də üçillik proqramların yayılması bu yanaşmanın Azərbaycanda da tətbiq imkanlarını gündəmə gətirir. Bəs ölkəmizdə bakalavr təhsilinin müddətini azaltmaq nə dərəcədə mümkündür?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda dördillik bakalavr təhsilinin üç ilə endirilməsi hüquqi, struktur və metodoloji islahatlar aparılmaqla mümkündür:
“Universitet təhsilinin müddətinin azaldılması məsələsi Azərbaycanda zaman-zaman müzakirə olunur. Ölkənin Boloniya prosesinə qoşulmasından sonra bakalavr təhsilinin Avropa Kredit Transfer Sistemi çərçivəsində formalaşdırılması belə bir modelə keçid üçün müəyyən baza yaradır. Azərbaycan 2005-ci ildən Boloniya sisteminə qoşulub. Hazırda ölkəmizdə standart bakalavr proqramları əsasən 240 kredit və dördillik təhsil müddəti üzərində qurulub. ABŞ-də tətbiq olunmağa başlayan “College in 3” modeli ilə müqayisə etdikdə isə təhsil sistemlərinin quruluşunda və yanaşmasında ciddi fərqlər görürük”.
Onun sözlərinə görə, ABŞ-də üçillik bakalavr proqramlarına keçid əsasən tələb olunan kredit sayının azaldılması və tədris prosesinin daha intensiv təşkil edilməsi hesabına həyata keçirilir:
“Azərbaycanda isə belə bir dəyişiklik üçün mövcud kredit standartlarının yenidən nəzərdən keçirilməsi tələb olunur. Azərbaycanda hazırda bakalavr təhsili üçün 240 kreditlik standart mövcuddur. Təhsil müddətini azaltmaq üçün ya minimum kredit həddinin 180 kredit səviyyəsinə uyğunlaşdırılması, ya da mövcud kredit yükünün daha intensiv şəkildə semestrlərə bölünməsi məsələsinə baxılmalıdır. Bunun üçün “Təhsil haqqında” Qanuna və müvafiq normativ sənədlərə dəyişikliklər edilməlidir”.

Həmsöhbətimiz bildirib ki, üçillik bakalavr modelinin tətbiqində kurikulumun da mühüm rol oynayır:
“ABŞ-də bəzi üçillik proqramlar ixtisasdan kənar ümumi fənlərin azaldılması və ya optimallaşdırılması hesabına mümkün olur. Azərbaycanda isə tarix, fəlsəfə, xarici dil və digər humanitar və fundamental fənlərin tədris planındakı çəkisi hələ də yüksəkdir. Bu fənlərin proqramdan çıxarılması və ya əhəmiyyətli dərəcədə azaldılması ciddi akademik müzakirə tələb edir. Çünki təhsil müddətinin qısaldılması yalnız dərslərin sayının azaldılması demək deyil. Burada tələbənin fundamental hazırlığının qorunması da əsas şərtdir.
Məktəb və universitet arasındakı əlaqələrin də bu prosesdə mühüm əhəmiyyət daşıyır. ABŞ-də bəzi şagirdlər orta məktəbdə oxuduqları dövrdə universitet səviyyəsində müəyyən kreditlər toplaya və sonradan həmin kreditlərdən ali təhsildə istifadə edə bilirlər. Azərbaycanda isə tam orta məktəb proqramı ilə universitet təhsili arasında bu formada kreditlərin qarşılıqlı tanınması mexanizmi yoxdur. Bu istiqamətdə sistem qurularsa, ali təhsilin müddətinin optimallaşdırılması üçün əlavə imkanlar yarana bilər”.
Mütəxəssisin fikrincə, yay semestrlərinin təşkilinin də üçillik model baxımından nəzərdən keçirilməlidir:
“ABŞ-də sürətləndirilmiş proqramlarda yay semestri tədrisin tamhüquqlu hissəsi kimi istifadə oluna bilir. Azərbaycanda isə yay məktəbləri əsasən akademik borcların aradan qaldırılması məqsədi daşıyır. Yay semestrinin tədris prosesinin tam hüquqlu hissəsinə çevrilməsi üçün universitetlərin maddi-texniki imkanları, professor-müəllim heyətinin iş yükü və digər təşkilati məsələlər yenidən qiymətləndirilməlidir. Bakalavr təhsilinin üç ilə endirilməsi bütün ixtisaslar üçün eyni formada tətbiq edilməməlidir. Üçillik modelin tətbiqi daha çox İT, kompüter elmləri, süni intellekt, biznesin idarə edilməsi, marketinq və dizayn kimi praktiki və sürətlə dəyişən sahələrdə nəzərdən keçirilə bilər.
Lakin tibb, fundamental elmlər və yüksək səviyyədə nəzəri və praktiki hazırlıq tələb edən mühəndislik istiqamətlərində mövcud təhsil müddətinin qorunması daha məqsədəuyğundur. İlkin mərhələdə üçillik bakalavr modelinin pilot layihə kimi tətbiq edilməlidir. Bu məqsədlə seçilmiş universitetlərdə müəyyən biznes və texnologiya ixtisasları üzrə 180 kreditlik proqramlar hazırlana bilər. ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və UNEC kimi aparıcı ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə pilot proqramların yaradılması mümkündür”.
O əlavə edib ki, bu proqramlarda təkrarçılığa yol verən fənlər optimallaşdırıla, kolleclərdən gələn tələbələrin əvvəlki təhsil nəticələrinin tanınması mexanizmi təkmilləşdirilə bilər:
“Müasir əmək bazarında işəgötürənlər üçün diplomun neçə ilə əldə edilməsindən daha çox məzunun konkret bacarıqları və peşə hazırlığı əhəmiyyət daşımağa başlayıb. Üçillik bakalavr təhsilinin bütün ixtisaslarda tətbiqi düzgün yanaşma olmaz. Lakin müəyyən istiqamətlər üzrə çevik alternativ model kimi onun yaxın gələcəkdə rəsmiləşdirilməsi real görünür. Bunun üçün ilk növbədə qanunvericilik və normativ baza hazırlanmalı, daha sonra tədris proqramları, infrastruktur və professor-müəllim heyətinin hazırlığı bu modelə uyğunlaşdırılmalıdır”.
Ekspert diqqətə çatdırıb ki, düzgün qurulduğu halda üçillik bakalavr modeli həm tələbələrin vaxtına, həm ailələrin təhsil xərclərinə, həm də dövlət büdcəsinə qənaət etməyə imkan verə bilər:
“Əsas məsələ xarici təcrübəni olduğu kimi köçürmək deyil. Azərbaycan üçün uyğun model hazırlanmalıdır. Hansı ixtisaslarda üçillik təhsilə keçidin mümkün olduğunu müəyyənləşdirmək, lazımi hüquqi və akademik bazanı yaratmaq vacibdir. Bu, mümkün olduğu sahələrdə gənclərin vaxtına və ailələrin maliyyə imkanlarına qənaət etməklə yanaşı, qlobal təhsil yanaşmalarının ölkəmizə düzgün şəkildə inteqrasiyasına da şərait yarada bilər”.
Günel Cəlilova


