Əbədi buzlaqlar normadan daha sürətlə əriyir - Şəhərlər təhlükə altında

DÜNYA
21:57 / 28.08.2026
24

Corc Vaşinqton Universitetinin coğrafiyaşünası Dmitri Streletskiyin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünyada əbədi buzlaqların əriməsinin əhəmiyyətli dərəcədə sürətləndiyini müəyyən edib. Tədqiqatçılar 24 il ərzində 156 monitorinq stansiyasından toplanmış məlumatları təhlil edərək torpağın ərimə dərinliyinin kəskin artdığını müəyyənləşdiriblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub.

Əbədi buzlaqlar ən azı iki il ardıcıl olaraq donmuş vəziyyətdə qalan torpaqdır. Onun üzərində yerləşən aktiv qat isə hər il yayda əriyir, qışda yenidən donur.

Araşdırmaya görə, bu mövsümi qat Arktikada monitorinq stansiyalarının 55%-də, Antarktidada 38%-də, dağlıq ərazilərdə isə 90%-dən çoxunda dərinləşir. Ən sürətli ərimə dağlıq ərazilərdə müşahidə olunur.

Qlobal istiləşmənin təsirini yerli hava şəraitindən ayırmaq üçün Viktoriya Universitetinin iqtisadçısı Feliks Pretis iqtisadiyyat sahəsində istifadə olunan statistik metodlardan yararlanıb.

“Fərqli əraziləri sadəcə bir-biri ilə müqayisə etsək, buzlaqların iqlimə həssaslığını ciddi şəkildə şişirtmək olar. Buna görə də hər bir stansiyada baş verən dəyişiklikləri ayrıca izlədik”, deyə Feliks Pretis bildirib.

Alim vurğulayıb ki, isti yaylar torpağın daha dərin qatlarının əriməsinə səbəb olur. Soyuq qışlar isə artıq bu prosesi kompensasiya edə və torpağı əvvəlki vəziyyətinə qaytara bilmir.

Əbədi buzlaqların yay aylarında əriyən aktiv qatının dərinləşməsi onun altında yerləşən yeraltı buzun suya çevrilməsi deməkdir. Bu isə şəhər infrastrukturunu birbaşa təhlükə qarşısında qoyur: yollar çökür, boru kəmərləri sıradan çıxır, binalarda çatlar əmələ gəlir.

Bundan başqa, torpaqda toplanmış karbonun atmosferə buraxılması sürətlənir. Karbon karbon qazı və metana çevrilərək istixana effektini daha da gücləndirir.

“Artıq ayrı-ayrı lokal ocaqlardan danışmırıq. Əbədi donuşluğun qlobal deqradasiyası tam sürətlə davam edir”, deyə Dmitri Streletski bildirib.

Samir

0