“Pulun varsa, xoşbəxtsən” fikrini çox eşitmişik.
Eyni dərəcədə tanış olan başqa bir cümlə isə bunun tam əksini deyir: “Pul xoşbəxtlik gətirmir”. Maraqlıdır ki, hər iki fikir müəyyən mənada doğru görünür. Çünki həyatda elə insanlar var ki, maddi imkanları kifayət qədər genişdir, istədikləri hər şeyi ala bilirlər, amma buna baxmayaraq daxilən rahat və xoşbəxt deyillər. Eyni zamanda maddi sıxıntı yaşayan bir insanın da yalnız “pul əsas deyil” deyərək özünü xoşbəxt hiss etməsi o qədər də asan deyil.
Təsəvvür edək ki, bir insan hər ay kirayəsini necə ödəyəcəyini, uşağının ehtiyaclarını nə cür qarşılayacağını, xəstələnsə müalicə xərclərini haradan tapacağını düşünür. Belə bir insan üçün pul ilk növbədə ona görə təhlükəsizlik üçün şərt sayılır. Çünki pul bəzən həqiqətən xoşbəxtliyə çevrilir. Daha doğrusu, pul insanın arzuladığı bir hissi əldə etməsinə vasitə olur.
Maddi imkan yaxşı olanda illərdir getmək istədiyi səyahət reallaşa bilir. Ailə ilə birlikdə gözəl vaxt keçirilir. İnsan üçün müəyyən maddi təminat vacibdir. Pul insanı xoşbəxt etməyə bilər, amma insanın xoşbəxtliyinə mane olan bəzi problemləri aradan qaldırma ehtimalı böyükdür. Çünki pulun ala bildiyi şeylərin sayı çoxdur. Lakin insanın həyatından razı qalması üçün yalnız nəyə sahib olduğu yox, sahib olduqları ilə necə yaşadığı da böyük əhəmiyyət daşıyır.
Onu da bildirək ki, bəzən imkanlı insanın ən böyük problemi də məhz anlaşılmamaqdır. Ətrafındakılar onun maddi vəziyyətinə baxıb “sənin hər şeyin var” deyirlər, amma həmin insanın daxilində nə yaşadığını görmürlər.
Ona görə də “pulu çoxdur, deməli xoşbəxtdir” düşüncəsi nə qədər yanlışdırsa, “pulu çox olan bədbəxtdir” demək də bir o qədər yanlışdır. Pul həyatın müəyyən tərəflərini asanlaşdıra bilər. Amma insanın daxilindəki boşluğu həmişə doldura bilməz...
Sevinc

