Yeni Qvineyada tropik meşələrdə elm üçün yeni olan ilan növü aşkarlanıb. Təxminən 71 santimetr uzunluğunda olan gecə aktiv bu sürünən ağacların dibində ov edir. Ona Guns N’ Roses qrupunun səhnə adı ilə tanınan məşhur gitaraçısı Slaşın şərəfinə Lielaphis slaşı, yəni Slaşın yer ilanı adı verilib.
HİT.a xəbər verir ki, yeni ilan qırmızımtıl-qəhvəyi rəngə malikdir və uzunluğu təxminən 71 santimetrə çatır. Zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmır.
Növün kəşfinin tarixi 2006-cı ilə gedib çıxır. Həmin il herpetoloq Kris Ostin Yeni Qvineyada apardığı çöl tədqiqatları zamanı tanımadığı bir ilana rast gəlib.
Lakin heyvanın xarici görünüşünə əsasən onun həqiqətən yeni növ olub-olmadığını müəyyənləşdirmək çətin idi. Məsələyə genetik araşdırmalarla son qoyulub.
Alimlər ilanın DNT-sini yaxın növlərlə müqayisə edib, pulcuqlarının sayını və yerləşməsini təhlil edib, həmçinin onun yaşayış mühitini araşdırıblar. Nəticədə Lielaphis slashi növünün öz cinsinin digər nümayəndələrindən genetik baxımdan fərqləndiyi müəyyənləşib və o, ayrıca növ kimi tanınıb.
İlan əsasən gecə həyat tərzi keçirir. Tədqiqatçıların sözlərinə görə, onu ən çox gün batdıqdan qısa müddət sonra iri ağacların dibində görmək mümkündür.
Bu cinsə aid ilanların ağızlarının arxa hissəsində iri dişləri olur. Güman edilir ki, həmin dişlər hamar pulcuqlu kiçik kərtənkələləri və digər sürünənlərin yumurtalarını tutmağa kömək edir.
Slaşın yer ilanı ovunu boğucu ilanlar kimi sıxmır və insan üçün ciddi təhlükə yarada biləcək zəhərə malik deyil.
İlanın adlandırılması təsadüfi deyil. Tədqiqatçı Sara Ruan uşaqlıq illərində sürünənlər haqqında jurnalın üz qabığında ev pitonunu əlində tutan musiqiçinin fotosunu görüb.
Alim Slaşın uzun illərdir ilanlara böyük maraq göstərdiyini, həmçinin muzeylərə, zooparklara və təbiət tarixinə xüsusi maraq bəslədiyini bilirdi. Məhz buna görə o, yeni növün elmi adında musiqiçinin adını əbədiləşdirmək qərarına gəlib.
Samir


