S-400 zenit-raket kompleksi Rusiyanın hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir. Belə qurğulardan biri dördədək ağır ələkeçirmə raketi daşıya bilər.
HİT.az xəbər verir ki, “WION” S-400 qurğusunun yenidən doldurulmasının nə qədər vaxt apardığını açıqlayıb. Nəşrin məlumatına görə, bu proses üçün 22T6 xüsusi yükləmə kranından istifadə olunur.
Bildirilir ki, S-400-ün yenidən doldurulması adətən təxminən 50 dəqiqə çəkir. Lakin bu müddət böyük ölçüdə yerüstü heyətin fiziki hazırlığından və iş qabiliyyətindən asılıdır.
Nəşr vurğulayır ki, yüksək hazırlıqlı və maksimum səmərəliliklə çalışan heyət yenidən doldurulma müddətini potensial olaraq təxminən 25-30 dəqiqəyə qədər azalda bilər.
Heyət 40N6E və ya 48N6 kimi ağır raketləri əl ilə qaldıra bilməz. Bunun üçün 22T6 xüsusi yükləmə maşını – çoxtonlu hermetik konteynerlərin nəqliyyat vasitələrindən təhlükəsiz şəkildə qaldırılması və boş buraxılış qurğusuna dəqiq yerləşdirilməsi üçün nəzərdə tutulmuş güclü kran-yük maşını tələb olunur.
Nəşr əlavə edir ki, hətta yenidən doldurulmanın 30 dəqiqəlik sürətli tempdə həyata keçirilməsi belə ciddi taktiki zəiflik yaradır. Yükləmə kranı işlədiyi müddətdə konkret buraxılış qurğusu müdafiə imkanlarını tamamilə itirir. Bu isə düşmən təyyarələrinin batareyaya zərbə endirə biləcəyi təhlükəli “pəncərə” yaradır.
Rusiya hərbi doktrinası S-400 batareyalarının heç vaxt təkbaşına döyüşməməsini nəzərdə tutur. Adətən Rusiya tərəfi bir neçə atəş bölməsini birləşdirir. Beləliklə, bir divizion atəşi dayandıraraq təhlükəsiz şəkildə yenidən doldurulma prosesini həyata keçirə, digər batareyalar isə bir-birini tamamlayan rejimdə fəaliyyət göstərərək hava məkanının fasiləsiz müdafiəsini təmin edə bilir.
Samir


