ABŞ-ın Kaliforniya ştatında yerləşən Six Flags Magic Mountain əyləncə parkındakı X2 sürət qatarı iki qadının ardıcıl olaraq ağır beyin travması keçirərək komaya düşməsindən sonra qeyri-müəyyən müddətə bağlanıb.
HİT.az xəbər verir ki, hadisələr iyul ayında, cəmi bir neçə gün fərqlə baş verib. 40 yaşlı Pamela Guillen X2-dən düşdükdən qısa müddət sonra huşunu itirib. Xəstəxanada aparılan müayinələr zamanı onun beynində yüksək sürətli avtomobil qəzalarında müşahidə olunan ağır qanaxmalara bənzər zədələnmələr aşkarlanıb. Guillen iki həftə komada qalıb.
Bundan bir neçə gün sonra 25 yaşlı Naomi Greer-Wilkinson da X2-də səyahət etdikdən sonra özünü pis hiss edib və xəstəxanaya çatdırılıb. Onun da komada olduğu bildirilir.
Bu hadisələrdən sonra park rəhbərliyi attraksionun fəaliyyətini müddətsiz dayandırıb.
2002-ci ildə istifadəyə verilən X2 klassik sürət qatarlarından fərqli konstruksiyaya malikdir. Dördölçülü dizaynı sayəsində saatda təxminən 120 kilometr sürətə çata bilən attraksionda 65 metr hündürlükdən sərbəst eniş də var.
Lakin əsas fərq sərnişin oturacaqlarının relslərdən asılı olmadan hərəkət edə bilməsidir. Oturacaqlar yol boyu müxtəlif istiqamətlərdə fırlana bilir. Bu isə sürüş zamanı insan bədəninin məruz qaldığı ani sürətlənmə və yüklənmələri artıra bilər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə beynin kəllə daxilində sürətli hərəkət etməsidir. Kəskin sürətlənmə və istiqamət dəyişiklikləri beyin toxumalarının gərilməsinə, qan damarlarının zədələnməsinə və ağır travmalara səbəb ola biləcək qüvvələr yarada bilər.
X2 tipli oxşar konstruksiyaya malik attraksionların dünyada çox az olduğu, onların əsasən Çin və Yaponiyada yerləşdiyi bildirilir.
Son hadisələr X2 ilə bağlı əvvəlki qəza və xəsarətlərin də yenidən gündəmə gəlməsinə səbəb olub. Məhkəmə və tibbi sənədlərə əsasən, attraksionun 2002-ci ildə istifadəyə verilməsindən sonra onunla əlaqəli 10-dan çox ağır xəsarət və xəstəxanaya yerləşdirilmə hadisəsi qeydə alınıb.
2014-cü ildə 17 yaşlı Selena O'Neil X2-də səyahətdən sonra güclü baş ağrısı, görmə problemləri və yeriməkdə çətinlik çəkib. Müayinələr zamanı onun beynində qanaxma aşkarlanıb. Həkimlər həmin vaxt sürət qatarlarının yaratdığı fiziki qüvvələrin insan orqanizminin müəyyən sərhədlərini aşa biləcəyinə diqqət çəkiblər.
X2 ilə bağlı daha ağır nəticələnən hadisələr də olub.
2022-ci ildə 22 yaşlı Christopher Hawley attraksionda olarkən güclü silkələnmədən sonra ağır beyin qanaması keçirib. Əməliyyat olunan Hawley bir müddət sonra həyatını itirib.
2010-cu ildə isə 28 yaşlı Hilda Fariasın ölümü sürət qatarının yaratdığı yüksək qüvvələrin onun beynindəki damar problemini ağırlaşdırması ilə əlaqələndirilib.
Bununla belə, mütəxəssislər ümumilikdə sürət qatarlarının təhlükəsiz olduğunu və bu attraksionlarda ağır xəsarət və xəstəxanaya yerləşdirilmə hallarının nisbətən nadir baş verdiyini bildirirlər.
X2-nin son hadisələrdən sonra nə qədər müddətə bağlı qalacağı və gələcəkdə yenidən istifadəyə verilib-verilməyəcəyi isə hələlik məlum deyil.
Samir


