430-dan çox şirkət Rusiyanın ələ keçirilmiş silahlarının yer aldığı bazaya giriş istəyir

DÜNYA
19:58 / 03.09.2026
54

Ukraynanın döyüş meydanında ələ keçirdiyi Rusiya silah və hərbi texnikası ilə bağlı məlumatların yer aldığı TrophyLab onlayn platformasına yüzlərlə şirkət giriş üçün müraciət edib.

HİT.az xəbər verir ki, “Business Insider”in yazdığına görə, Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, platformaya artıq 430-dan çox şirkət müraciət edib. Onlardan 130-dan çoxu Ukraynanın müdafiə sənayesi şirkətləri, təxminən 300-ü isə xarici şirkətlərdir.

TrophyLab mühəndislər, alimlər və müdafiə texnologiyaları istehsalçıları üçün yaradılıb. Platformada Rusiya ordusunun istifadə etdiyi müxtəlif silah sistemləri barədə texniki məlumatlar, o cümlədən T-90M əsas döyüş tankı və “Kinjal” hipersəs raketi ilə bağlı materiallar təqdim olunur.

Ukrayna tərəfinin bildirdiyinə görə, məlumat bazası döyüşlərdə birbaşa iştirak edən hərbi bölmələrin, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin, eləcə də elmi müəssisələrin iştirakı ilə formalaşdırılır. Təsdiqlənmiş istifadəçilər 225-dən çox çertyoj, komponent analizi və sxemə çıxış əldə edə bilirlər.

Platforma iyunun sonunda təqdim edilərkən kataloqda artıq Rusiya istehsalı olan 115 pilotsuz uçuş aparatı, aviasiya sursatı, zirehli texnika və digər silah nümunəsi 79 kateqoriya üzrə yerləşdirilmişdi.

TrophyLab yalnız rəqəmsal məlumatların öyrənilməsi ilə məhdudlaşmır. Platformadan istifadə edən şirkətlər müəyyən Rusiya silahlarının fiziki nümunələrini də tələb edə və onları laboratoriya şəraitində araşdıra bilərlər.

Bəzi hallarda şirkətlərə təqdim olunan nümunələri sınaqlar və texniki araşdırmalar zamanı sökməyə və ya məhv etməyə də icazə verilir.

Bununla belə, platformaya giriş hazırda ciddi şəkildə məhdudlaşdırılıb. Ukrayna yalnız yerli müdafiə şirkətlərinin, müəyyən elmi müəssisələrin və hərbi bölmələrin, həmçinin Ukrayna ordusuna silah tədarük edən və ya Müdafiə Nazirliyi tərəfindən yoxlanılmış tərəfdaş ölkələrin şirkətlərinin müraciətlərini təsdiqləyir.

TrophyLab Ukraynanın müharibə zamanı əldə etdiyi praktiki təcrübə və məlumatları yeni müdafiə texnologiyalarının inkişafında istifadə etmək strategiyasının bir hissəsidir.

Ukrayna artıq müdafiə startaplarının inkişaf etdiyi əsas mərkəzlərdən birinə çevrilib. Ölkə həmçinin tərəfdaş dövlətlərə pilotsuz uçuş aparatları, robot sistemləri və radioelektron mübarizə vasitələrini real döyüş şəraitində sınaqdan keçirmək imkanı təklif edir. Bu təşəbbüs “Test in Ukraine” proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, Ukrayna Böyük Britaniya və Almaniya da daxil olmaqla müttəfiq ölkələrə cəbhə xəttindən dronlarla çəkilmiş minlərlə saatlıq video görüntü təqdim edib. Bu materiallardan həmin ölkələrdə şirkətlər tərəfindən hazırlanmış süni intellekt sistemlərinin təlimində də istifadə olunur.

Samir
 

0