Hindistan Rusiya neftinin alınmasına haqq qazandırmağa çalışır

DÜNYA
21:35 / 03.09.2026
37

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Rusiyanın neft və digər enerji resurslarının alınmasının Ukraynadakı müharibənin sona çatıb-çatmayacağı ilə əlaqəli olmadığını deyib. 

HİT.az xəbər verir ki, UNİAN-ın müxbirinin verdiyi məlumata görə, nazir bunu Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqanın iştirakı ilə keçirilən birgə brifinqdə söyləyib.

Cayşankar ABŞ-da Rusiya enerji resurslarını alan ölkələrə qarşı yüksək tariflərin tətbiqini nəzərdə tutan yeni sanksiya qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Hindistanın Rusiya neftinin alışını azaltmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verib.

Diplomat sualın səbəbini başa düşdüyünü bildirib.

“Amma hesab edirəm ki, 1,4 milyard insanın enerji ilə təmin edilməsinin çətinliklərini də hamınızın anlaması vacibdir. Bu, dünya enerji vəziyyətinin çox mürəkkəb olduğu bir vaxtda baş verir”, – deyə Cayşankar vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın öz mövqeyi var və Hindistan buna hörmət edir. Bununla yanaşı, rəsmi Dehlinin də öz mövqeyi olduğunu və digər tərəflərin də buna hörmət edəcəyinə ümid etdiyini bildirib.

“Artıq beşinci ildir davam edən bu münaqişə kimsə neft, alüminium, minerallar, metallar və ya gübrələr alır, yaxud almır deyə həll edilməyəcək. Bu münaqişə dialoq, diplomatiya və danışıqlar yolu ilə həll olunacaq və biz məhz buna çağırırıq”, – deyə Hindistan XİN rəhbəri qeyd edib.

Cayşankar müharibənin artıq beşinci ildir davam etməsindən təəssüfünü ifadə edib. O bildirib ki, Hindistan ardıcıl olaraq müharibə dövrünün olmadığını və həll yollarının döyüş meydanında tapılmayacağını düşünür.

“Cəmi iki gün əvvəl Bişkekdə baş nazir Modi bildirib ki, sonsuz müharibə artıq müharibənin dayandırılmasına yol verməlidir. Münaqişənin keçən hər günü daha çox ölüm və dağıntı deməkdir. Aydındır ki, tərəflər müharibəni dayandırmağın yolunu tapmalıdırlar. Əgər Hindistan hansısa şəkildə kömək edə bilərsə, biz buna hazırıq”, – deyə Cayşankar əlavə edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Hindistanın qlobal güc kimi rolunun, o cümlədən daha geniş dövlətlər qrupunun prosesə cəlb olunması baxımından son dərəcə vacib olduğunu bildirib.

“Bu gün biz ayrıca sülh prosesinə diqqət yetirdik. Baş nazir Modi bu yaxınlarda Putinin iştirakı ilə bildirdiyi kimi, sonsuz müharibəyə son qoymağın vaxtıdır. Biz bu mövqeyi dəstəkləyirik. Ukrayna müharibəni başa çatdırmağa hazırdır”, – deyə Sibiqa bildirib.

Samir

0