İlon Maskın siyasi fəaliyyət komitəsi (PAC) 2026-cı ilin noyabrında Konqresə keçiriləcək aralıq seçkiləri üzrə xərclərin ilk mərhələsinə dair hesabat dərc edib.
HİT.az xəbər verir ki, hesabatda Nümayəndələr Palatası və Senata keçiriləcək əsas seçkilər üçün xərclənən təxminən 800 min dolların bölgüsü ətraflı təsvir olunub.
Ən çox vəsait Texas, Men, Ohayo, Nyu-Hempşir, Ayova, Miçiqan və Alyaska ştatlarında aparılan kampaniyalara xərclənib. Ən böyük maliyyə dəstəyi – 247 min dollardan çox vəsait Texas ştatına ayrılıb. Burada respublikaçılar ştatın baş prokuroru Ken Pakstonun demokrat Ceyms Talarikoya qarşı mübarizəsini dəstəkləmək niyyətindədirlər.
Viskonsin, Nyu-York, Virciniya, Nyu-Cersi, Pensilvaniya və Florida ştatlarından olan hazırkı respublikaçı konqresmenlərin seçki fondlarına isə təxminən 90 min dollar ayrılıb.
“Politico”nun yazdığına görə, Prezident Donald Trampa siyasi fəaliyyət komitəsi “MAGA Inc.”nin sərəncamında olan və təxminən 400 milyon dollar təşkil edən resurslardan istifadə etmək çağırışlarının artdığı bir vaxtda İlon Maskın ianələri noyabr seçkiləri ərəfəsində respublikaçılara əhəmiyyətli dəstək verə bilər.
2024-cü il seçki dövründə Mask Trampı və Respublikaçılar Partiyasını dəstəkləmək üçün təxminən 290 milyon dollar xərcləyib və bununla da ən böyük fərdi donor olub.
Samir


