İspaniyada Kadis vilayətinin tərkibinə daxil olan Setenil-de-las-Bodeqas bələdiyyəsi yerləşir. Şəhərcik Əndəlusun məşhur “ağ kəndlər” marşrutunun üzərində yerləşir.
HİT.az xəbər verir ki, tarixi mərkəz Qvadalporqun çayının yaratdığı dərənin ətrafında formalaşıb, küçələr və evlər isə ərazinin relyefinə uyğun şəkildə salınıb.
“Yerli relyef suyun təsiri ilə formalaşıb. Qvadalporqun çayı ətrafında yaşayış məntəqəsinin inkişaf etdiyi dərəni yaradıb. Məskunlaşma genişləndikcə sakinlər yaşayış məkanının bütün elementlərini sıfırdan tikmək əvəzinə qayanın qoruduğu ərazilərdən istifadə ediblər”, – materialda izah olunur.
Şəhər administrasiyası bildirir ki, bu tip yaşayış məntəqələri ərazinin coğrafi xüsusiyyətləri ilə əlaqədardır. Bu məkanlardan bəziləri əvvəllər gəlirləri aşağı olan ailələrin yaşayış yeri kimi istifadə edilib. Son illərdə onların bir qismi restoran, mağaza, qaraj və ya anbara çevrilib. Bununla yanaşı, Xaboneria və Erreria kimi ərazilərdə bəzi evlər hələ də yaşayış məqsədilə istifadə olunur.
Setenilin ən məşhur mənzərələri “Cuevas del Sol” və “Cuevas de la Sombra” küçələrindən açılır. Hər iki küçə çayın yatağı boyunca uzanır, lakin dərənin müxtəlif tərəflərində yerləşir.
“Cuevas del Sol” günəşli hissədir. “Cuevas de la Sombra” isə qayanın kölgəsində daha uzun müddət qalır. “Erreria”, “Xabonerias” və “Cabrerizas” küçələri də qayanın relyefinə uyğunlaşdırılmış memarlığın ən yaxşı göründüyü ərazinin əsas hissəsini təşkil edir.
Məhz burada restoran və mağazaların əhəmiyyətli hissəsi yerləşir. Bu obyektlər ərazinin geoloji xüsusiyyətini turistlər üçün cəlbedici məkana çevirib. Nəşrin yazdığına görə, turizm yerli iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilib.
Bununla yanaşı, yaşayış məntəqəsinin tarixi bu gün turistlərin gördüyü tikililərdən xeyli qədimdir. Ərazidəki mağaralarda Roma və müsəlman hakimiyyəti dövründə insanların burada məskunlaşdığını göstərən əşyalar aşkar edilib. Müasir şəhər quruluşunda isə orta əsrlərin təsiri qorunub saxlanılıb.
Şəhərciyin qədim hissəsinin sakinləri üçün qaya yalnız turistləri heyrətləndirən mənzərə deyil. O, yaşayış evlərinin və bütöv məhəllənin təşkilinin ayrılmaz hissəsidir.
“Qayanın altında yerləşən məkanlar təbii şəkildə birbaşa günəş şüalarından qorunur. Qalın divarlar isə daxildə temperaturun daha sabit qalmasına kömək edir. Bu, belə tikililərin bir çox nəsil ərzində istifadə edilməsinin səbəblərindən biridir”, – materialda qeyd olunur.
Samir


