İsveçlilər hər cümə bir sadə ritual yerinə yetirirlər: Onun özəlliyi nədir?

DÜNYA
21:57 / 07.09.2026
40

İsveçdə adını iki sözün birləşməsindən alan bir ənənə var. İsveç dilində “Fredag” “cümə”, “mysig” isə “rahatlıq”, “komfort hissi” və ya “xoş bir şey” kimi tərcümə olunur. “Fredagsmys” artıq bir neçə nəsildir mövcud olan ənənə təsiri bağışlasa da, əslində bu adət XX əsrin 80–90-cı illərində yaranıb.

HİT.az xəbər verir ki, bu barədə "İnteria kobieta" yazıb.

“Bu anlayış həyat tempinin sürətlənməsinə cavab olaraq ortaya çıxıb və hətta qida sənayesi tərəfindən də mənimsənilib. Məşhur qəlyanaltı brendlərindən biri həmin dövrdə bu şüardan həftənin sonunu ailəlikcə qeyd etməyə çağırış kimi istifadə edərək geniş reklam kampaniyasına başlayıb. İsveçlilər bu ideyanı o qədər seviblər ki, marketinq konsepsiyası qısa müddətdə mədəniyyətin ayrılmaz hissəsinə çevrilib”, – materialda bildirilir.

Bu İsveç ənənəsinin qaydaları mürəkkəb deyil və onun əsas özəlliyi də məhz bundadır. Adətin əsasını heç bir təzyiqin olmaması təşkil edir.

Rahatlıq və istirahət axşamı

“Cümə günü iş həftəsinin çətinliklərini unutmaq istəyiriksə, evdə sakit istirahətə şərait yaradaq. Təkbaşına, ailə üzvləri və ya ən yaxın dostlarla birlikdə. Bu, hərtərəfli təmizlik və ya doyumlu şam yeməyi hazırlamaq vaxtı deyil. İsveçlilər rahat geyimə, asan hazırlanan qəlyanaltılara, rahat kresloya və isti örtüyə üstünlük verirlər”, – nəşr yazır.

Belə rahat şəraitdə onlar kitab oxuyur, filmlərə baxır və stolüstü oyunlarla əylənirlər. İsti işıqlandırma və ya yandırılmış şamlar da xoş atmosferin yaranmasına kömək edir.

Nəşrin məlumatına görə, bu ritualın həftəlik rejimə daxil edilməsi beynin tapşırıqları yerinə yetirmə rejimindən istirahət rejiminə daha asan keçməsinə şərait yaradır. Davamlı şəkildə eyni ardıcıllığın təkrarlanması stress səviyyəsini daha tez azaltmağa və iş həftəsi ilə enerjinin bərpasına həsr olunan həftəsonunu aydın şəkildə ayırmağa kömək edir.

Bir çox insan isə həftəsonunu növbəti işlərin görülməsi üçün vaxt kimi qəbul edir. Onlar iri alış-verişlər edir, evi hərtərəfli təmizləyir, sıx səyahətlər və ya dostlarla görüşlər planlaşdırırlar. Nəticədə bazar ertəsi səhər daha da yorğun oyanırlar.

Nəşr buna görə xüsusilə payızın gəlişi ilə isveçlilərdən nümunə götürməyi tövsiyə edir. Günlərin qısalması və havanın pisləşməsi evdə rahat atmosfer yaratmaq üçün əlverişli şərait formalaşdırır.

“Fredagsmys” işdən dərhal sonra həddindən artıq yüklənmiş sinir sistemini “yenidən yükləməyə” imkan verir. İnsan istirahət rejiminə daha asan keçir və bunun sayəsində həftəsonu daha uzun və daha keyfiyyətli təsir bağışlayır.

Samir
 

0