Saturnun cənub qütbündə təxminən 167 min 820 kilometr genişliyində nəhəng onbucaqlı bulud quruluşu aşkar edilib. “Hubble” görüntüləri vasitəsilə üzə çıxarılan bu formasiya planetin şimal qütbündəki məşhur altıbucaqlı quruluşun unikal olmaya biləcəyini göstərir.
HİT.az xəbər verir ki, Saturnun atmosferində indiyədək müşahidə edilməyən həndəsi quruluş ortaya çıxıb. Planetin cənub qütbünü əhatə edən nəhəng bulud sistemi on bərabər tərəfli fiqur əmələ gətirir və təxminən 167 min 820 kilometrlik genişliyi ilə diqqət çəkir.
Bu kəşf Saturnun qütblərindəki atmosfer hərəkətləri ilə bağlı mövcud məlumatları da yenidən gündəmə gətirib. Çünki planetin şimal qütbündə onilliklərdir müşahidə edilən, təxminən 32 min kilometr genişliyindəki altıbucaqlı quruluş uzun müddət Saturn üçün xarakterik və unikal atmosfer hadisəsi hesab olunurdu. İspaniyanın Bask Ölkəsi Universitetindən planetoloq Aqustin Sançes-Laveqanın rəhbərlik etdiyi tədqiqat qrupu isə cənub qütbündə aşkar edilən yeni quruluşun bu yanaşmanı dəyişə biləcəyini bildirir.
Saturnun oxunun meyilliliyi səbəbindən onun cənub yarımkürəsi 2012-2023-cü illər arasında Yerdən görünmürdü. NASA-nın “Hubble” kosmik teleskopu tərəfindən 2023-cü ildə əldə edilən görüntülərin araşdırılması nəticəsində cənub qütbünü əhatə edən onbucaqlı quruluş ilk dəfə aydın şəkildə üzə çıxarılıb.
Hər bir tərəfinin uzunluğu təxminən 16 min 782 kilometr olan dekagonun atmosferdəki qövsvari külək axınlarının yaratdığı dalğalarla əlaqəli olduğu düşünülür. Hesablamalara görə, quruluş öz oxu ətrafında bir dövrəni təxminən 800 günə tamamlayır.
Cənubdakı quruluşla şimal qütbündəki altıbucaqlı arasında mühüm fərq də var. Şimaldakı altıbucaqlı onilliklər ərzində tünd görünüşünü böyük ölçüdə qoruduğu halda, cənub qütbündəki onbucaqlının kənarlarında müşahidə olunan tündləşmə zaman keçdikcə dəyişir.
2 sentyabr 2026-cı ildə “Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, cənub qütbündəki dekagon hələ formalaşma mərhələsində ola bilər. Tədqiqatçılar bölgədə günəş radiasiyasının 2032-ci ildə ən yüksək səviyyəyə çatacağını bildirirlər.
Bu səbəbdən alimlər quruluşun qarşıdakı illərdə necə dəyişəcəyini yaxından izləmək niyyətindədirlər. Nəhəng bulud sisteminin zamanla daha sabit quruluşa çevriləcəyi, yoxsa dağılaraq yox olacağı hələlik məlum deyil.
Tədqiqatçılar həmçinin Saturnun üçölçülü külək və temperatur modellərini təkmilləşdirərək bu qeyri-adi atmosfer hadisəsinin necə yarandığını daha ətraflı müəyyənləşdirməyi qarşılarına məqsəd qoyublar.
Samir


