Roma imperatoru Maksimin Dazanın saray kompleksində aparılan qazıntılar daha əvvəl bənzəri aşkar edilməyən hamam quruluşunu üzə çıxarıb. Dairəvi planlı tikilidə döşəmədən isitmə sistemi, üç hovuz və ya vanna, eləcə də isti buxar hamamı aşkarlanıb.
HİT.az xəbər verir ki, Roma dövrünə aid sarayın altında aşkar edilən hamam öz memarlığı ilə arxeoloqların diqqətini çəkib. Serbiyanın şərqində yerləşən Vrelo-Şarkamen arxeoloji ərazisində aparılan qazıntılar zamanı tapılan tikili eramızın IV əsrinin əvvəllərinə aid edilir və həmin dövrün yüksək təbəqəsinin həyat tərzi barədə mühüm məlumatlar verir.
Serbiya Arxeologiya İnstitutunun əməkdaşlarının araşdırmaları nəticəsində kompleksin Roma imperatoru Maksimin Dazanın möhkəmləndirilmiş saray məskəninin bir hissəsi olduğu müəyyənləşdirilib. İmperatorun eramızın 310-313-cü illəri arasındakı hakimiyyəti dövrünə aid edilən hamam sarayın cənub-qərb küncündəki monumental qüllənin təməli üzərində inşa edilib.
Qədim Romada “balneum” adlandırılan tikili ənənəvi hamam planlarından fərqli memarlığa malikdir. Dairəvi formada inşa edilən hamamın günbəzli tavanında altı pəncərə yerləşir. Tədqiqatçılar bildirirlər ki, Roma imperiyasının sərhədləri daxilində bu dizayna malik başqa nümunə indiyədək aşkar edilməyib.
Hamam iki əsas hissədən ibarətdir. Bölmələrdən biri tikilinin texniki ehtiyacları üçün nəzərdə tutulub, digər hissədə isə yuyunma və istirahət məkanları yerləşir. Qazıntılar zamanı texniki bölmədə döşəmənin qızdırılmasını təmin edən soba sistemi də aşkar edilib.
Tikilinin su sistemi də həmin dövrün mühəndislik səviyyəsini nümayiş etdirən detallardandır. Suyun qızdırılması üçün istifadə edilən mis qazanın yerləşdiyi altlıq tapılıb. Kompleksdə üç hovuz və ya vanna ilə yanaşı, sauna kimi istifadə olunan bölmənin də olduğu müəyyənləşdirilib.
İmperator üçün ayrılmış xüsusi məkanlardan birində isə “sudatorium” adlanan isti buxar hamamı yerləşib. Bu bölmə hamam kompleksinin yalnız əsas yuyunma ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmadığını, saray sakinləri üçün müxtəlif istifadə imkanlarının da yaradıldığını göstərir.
Maksimin Dazanın qısa hakimiyyəti dövründə bölgədə siyasi mübarizələrin yaşandığı məlumdur. Saray kompleksində yeni tapıntıların aşkar edilməsi isə məskənin əvvəllər düşünüldüyündən daha genişmiqyaslı olduğunu ortaya qoyur.
Xüsusilə hamamın qeyri-adi dairəvi planı və inkişaf etmiş isitmə sistemi tikilini Roma dövrünün memarlıq və mühəndislik anlayışının diqqətçəkən nümunələrindən birinə çevirir.
Samir


