Vaşinqton Moskva və Kiyevin iştirakı ilə növbəti danışıqlar raundunun keçirilməsinə hazırdır və bu imkanla bağlı nikbin mövqedədir.
HİT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin nümayəndələrinin Ukrayna və Rusiyaya səfərinin detalları ilə tanış olan yüksəkvəzifəli amerikalı administrasiya rəsmisi “Radio Free Europe/Radio Liberty”yə açıqlamasında bildirib.
Rəsmiyə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası konkret növbəti addımları müəyyənləşdirməzdən əvvəl Stiv Uitkoff və Cared Kuşnerin keçirdiyi görüşlərin nəticələrini təhlil edəcək. Qarşıdakı həftələr isə daha ətraflı fəaliyyət planının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Çinovnik həmçinin BMT Baş Assambleyasının qarşıdakı iclasını işin davam etdirilməsi üçün potensial faydalı imkan kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, tərəflərə “Cared və Stivin ötən həftəsonu dayandığı yerdən davam etməyə” imkan verə bilər.
Xatırladaq ki, sentyabrın 5-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya gediblər. Onları hava limanında Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Kreml ilə keçirilən danışıqlardan sonra Putinin Ukraynaya dair mövqeyinin “sarsılmaz” olduğu bildirilib. Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov deyib ki, Uitkoff və Kuşner “mümkün nizamlanma yolları ilə bağlı bir sıra ideyalar təqdim ediblər”, lakin bu ideyaların nədən ibarət olduğunu açıqlamayıb. Putin isə öz növbəsində Rusiyanın guya döyüş meydanında “real irəliləyiş” əldə etdiyini və qarşıya qoyduğu məqsədlərə çatacağına əmin olduğunu bildirib. O, həmçinin münaqişənin “bütün ilkin səbəblərinin aradan qaldırılmasının” zəruriliyini bir daha vurğulayıb.
Bazar günü, sentyabrın 6-da Stiv Uitkoff və Cared Kuşner ilk dəfə Ukraynaya gəliblər. Onları Kirill Budanov, Rustem Umerov və David Araxamiya qarşılayıb.
Bazar günü axşam Ukrayna və ABŞ nümayəndə heyətlərinin Kiyevdə ilk görüş raundunu başa çatdırdığı bildirilib. Görüşdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib.
Samir


