Almaniyanın AfD partiyasının uğuruna Polşada yalnız “idiotlar və ya satqınlar” sevinə bilər
O bildirib ki, Polşada belə insanlar var.
Polşanın Baş naziri Donald Tusk Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (“AfD”) partiyasının Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdə qazandığı qələbəni şərh edib.
HİT.az-ın məlumatına görə,h ökumət başçısı hesab edir ki, Polşada AfD-nin uğuruna yalnız “idiotlar və ya satqınlar” sevinə bilər.
“Polşada yalnız idiotlar və ya satqınlar Almaniyada AfD partiyasının triumfuna sevinə bilər”, deyə Tusk “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, müxalifətdəki “Konfederasiya” və “Hüquq və ədalət” (“PiS”) partiyalarında belə insanlar “bir qədər çoxalıb”.
Xatırladaq ki, AfD Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə 43,8 faiz səs toplayaraq qələbə qazanıb. Partiyanın əyalət baş naziri vəzifəsinə namizədi 35 yaşlı Ulrix Ziqmunddur. Hazırkı əyalət baş naziri Sven Şultsenin mənsub olduğu Xristian Demokrat İttifaqı (“CDU”) isə 17,2 faiz səs toplayıb. Bu, əvvəlki seçkilərlə müqayisədə demək olar ki, iki dəfə azdır.
Qeyd edilir ki, 83 yerlik Saksoniya-Anhalt parlamentində AfD 39 mandat əldə edəcək. İctimai rəyin öyrənilməsi üzrə “Infratest dimap” institutunun məlumatlarına görə, AfD 35-60 yaş aralığındakı seçicilər arasında mütləq üstünlük qazanıb və bu yaş qrupunda səslərin yarıdan çoxunu əldə edib.
Bunun əksinə olaraq, CDU gənclər arasında dəstəyini demək olar ki, tamamilə itirib. 18-24 yaşlı seçicilər arasında partiyaya yalnız 5 faiz səs verilib, 25-34 yaş qrupunda isə bu göstərici 6 faiz olub.
Samir


