Kanada ABŞ-dan uzaqlaşır: Karni dünyanın nəhəng investorlarını ölkəyə çağırdı

DÜNYA
20:17 / 15.09.2026
46

Kanadanın Baş naziri Mark Karni ölkənin ABŞ-dan iqtisadi asılılığını azaltmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün dünyanın ən böyük investorlarını ölkəyə sərmayə qoymağa cəlb etməyə çalışır.

HİT.az BBC-yə istinadən xəbər verir ki, Toronto şəhərində iki gün davam edəcək investor sammitində idarə etdikləri aktivlərin ümumi dəyəri 100 trilyon Kanada dollarından çox olan 100-dən artıq qlobal investor iştirak edir. Tədbirə Birləşmiş Ərəb Əmirlikləri və Norveçin suveren sərvət fondlarının nümayəndələri, eləcə də dünyanın iri maliyyə şirkətlərinin rəhbərləri qatılıb.

Karni investorları Kanadanın enerji və təbii ehtiyatları, siyasi sabitliyi, həmçinin süni intellekt, müdafiə, nəqliyyat və infrastruktur sahələrindəki imkanları ilə tanış etməyi planlaşdırır. Baş nazir bununla ölkənin ABŞ-la ticarət müharibəsi fonunda daha müstəqil və dayanıqlı iqtisadiyyat qurmasına nail olmağa çalışır.

Lakin ekspertlər Kanadanın böyük həcmli xarici investisiyaları cəlb etməsinin asan olmayacağını bildirirlər. Ölkədə iri layihələrin təsdiqlənməsi üçün uzun prosedurların mövcudluğu əsas maneələrdən biri hesab olunur. Kanada Pensiya Planı İnvestisiya Şurasının hesabatında da investisiya imkanlarının miqyası və dərinliyinin ölkənin əsas zəif tərəflərindən biri olduğu vurğulanıb.

Karni üçün üstünlüklərdən biri isə qlobal maliyyə sektorunda qazandığı şəxsi əlaqələrdir. Baş nazir siyasi fəaliyyətindən əvvəl Goldman Sachs-da çalışıb, daha sonra Kanada Mərkəzi Bankına rəhbərlik edib. Mütəxəssislər hesab edirlər ki, onun maliyyə dünyasındakı tanışlıqları investorlarla danışıqlarda mühüm rol oynaya bilər.

Bununla belə, Kanadanın əsas problemi hələ də ABŞ-la münasibətlərdir. Ölkənin ABŞ-a ixracı ÜDM-in təxminən 20 faizini təşkil edir. İqtisadçılar bildirirlər ki, uzunmüddətli investisiyaların cəlb edilməsi üçün Vaşinqtonla sabit ticarət münasibətlərinin formalaşdırılması vacibdir.

Ekspertlər həmçinin qeyd edirlər ki, Kanada yalnız xarici sərmayəni deyil, ölkənin iri pensiya fondlarının daxili layihələrə daha çox vəsait yatırmasını da təşviq etməlidir.

Karni ABŞ-dan asılılığın azaldılması istiqamətində siyasətinin çətin olacağını etiraf edir. Bununla yanaşı, hökumətin zəngin enerji və təbii ehtiyatlardan istifadə etməklə yeni bazarlar və tərəfdaşlar axtarması ölkədə əsas iqtisadi strategiyalardan birinə çevrilib.

Toronto Universitetinin professoru Dryu Faqanın sözlərinə görə, əsas problem ABŞ-la münasibətlərin çox sürətlə pisləşməsi, yeni qlobal ticarət tərəfdaşlıqlarının qurulmasının isə daha uzun vaxt tələb etməsidir. Onun fikrincə, bu keçid dövrü Kanada üçün həm iqtisadi, həm də siyasi baxımdan ciddi risklər yarada bilər.

Samir

0