170 min il əvvəl insanlar ocaq üçün ideal yeri necə seçirdilər?

DÜNYA
19:19 / 15.09.2026
46

Təl-Əviv Universitetinin (İsrail) arxeoloqları sübut ediblər ki, qədim insanlar hələ 170 min il əvvəl mağarada ocağı təsərrüfat baxımından maksimum fayda, tüstüdən isə minimum zərər əldə ediləcək optimal nöqtədə yerləşdiriblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Scientific Reports” jurnalında dərc olunub.

Yafit Kedar və professor Ran Barkayın rəhbərlik etdiyi tədqiqatçılar Fransanın cənub-şərqində, Nitsa şəhəri yaxınlığındakı Lazare mağarasına tüstünün yayılmasının kompüter modelini tətbiq ediblər. İnsanlar bu mağarada 170-150 min il əvvəl məskunlaşıblar.

Alimlər sahəsi 290 kvadratmetr olan mağara zalında ocağın 16 mümkün yerləşmə variantını hesablayıblar. Mağaranın döşəməsindən tavanına qədər yerləşdirilən minlərlə virtual sensor tüstünün sıxlığını qeydə alıb. Tüstülənmə səviyyələri Ümumdünya Səhiyyə Təşkilatının normaları ilə müqayisə edilib və məkan dörd zonaya bölünüb: sıx tüstüyə görə qadağan olunan qırmızı zona, bir neçə dəqiqə ərzində təhlükəli hala gələn sarı zona, saatlar və günlər ərzində təhlükəsiz olan yaşıl zona, həmçinin demək olar ki, tüstüdən tamamilə azad olan mavi zona.

Modelin proqnozlaşdırdığı kimi, ən az tüstü mağaranın arxa divarı yaxınlığında toplanıb, ən uğursuz yer isə giriş olub. Lakin Lazare mağarasının tədqiq edilən təbəqələrində qədim sakinlər ocağı zalın mərkəzində yerləşdiriblər.

Məlum olub ki, onlar müəyyən bir tarazlığa ehtiyac duyublar: ocağın yanında işləyir, yemək hazırlayır, qidalanır, yatır və isinirdilər. Ocaq mağaranın daha dərin hissəsinə çəkildikdə isə “yaşıl” zona həddindən artıq uzaqda qalırdı. Hesablamalar fayda və təhlükəsizlik baxımından optimal olan 25 kvadratmetr sahəni müəyyən edib. Tədqiq olunan bütün təbəqələrdə ocaq məhz həmin ərazidə yerləşib.

“Bizim araşdırmamız göstərir ki, qədim insanlar nə sensorlara, nə də simulyatorlara malik olmadan, hələ 170 min il əvvəl ocaq üçün ideal yeri seçməyi və mağaranın məkanını idarə etməyi bacarıblar. Bu, müasir insanların Avropada meydana çıxmasından xeyli əvvələ təsadüf edir. Bu qabiliyyət onların ixtiraçılığını, təcrübəsini və hərəkətlərinin düşünülmüş xarakterini, eləcə də tüstünün zərərini dərk etdiklərini göstərir”, — Barkay vurğulayıb.

Arxeoloqlar insanın əcdadlarının nə vaxt oddan istifadə etməyi öyrəndiyini və ondan gündəlik istifadə etməyə başladığını uzun müddətdir müzakirə edirlər. Bu bacarıqların “Homo sapiens”ə xas olduğu yekdilliklə qəbul edilir, daha qədim insan növlərinin bu qabiliyyətləri isə mübahisə mövzusudur.

Bir çox mağarada çoxqatlı ocaq izlərinə rast gəlinir: insanlar illər ərzində odları eyni yerdə yandırıblar. Tədqiqat müəllifləri hesab edirlər ki, hazırladıqları model yeni arxeoloji düşərgələrin qazıntıları zamanı həmkarlarına faydalı ola bilər. Model əcdadlarımızın ocaqları və müxtəlif fəaliyyət zonalarını harada yerləşdirdiyini müəyyənləşdirməyə kömək edə bilər.

Samir

0