Tələbələrə yatmaları üçün pul verdilər - Qiymətləri yüksəldi

DÜNYA
16:28 / 25.09.2026
40

ABŞ-ın Pittsburq Universitetində aparılan araşdırma tələbələrin kifayət qədər yatmasının onların akademik göstəricilərinə də müsbət təsir edə biləcəyini ortaya çıxarıb.

HİT.az xəbər verir ki, CHIP-in məlumatına görə, “Journal of Political Economy” jurnalında dərc olunan tədqiqatda yaşı orta hesabla 19 olan 1 100-dən çox tələbə iştirak edib. Onlardan həftəiçi gecələrində ən azı 7 saat yatmaları tələb olunub. Tələbələrin bir hissəsinə isə bu hədəfə çatdıqları hər gecə üçün təxminən 3,5 funt sterlinq pul mükafatı verilib.

Bir ay davam edən sınaq zamanı pul alan tələbələrin digər iştirakçılardan orta hesabla 19 dəqiqə daha çox yatdığı müəyyənləşib. Maraqlıdır ki, əlavə yuxu səhərlər daha gec oyanmaq hesabına deyil, daha tez yatmaqla əldə olunub.

Tədqiqatdan əvvəl tələbələrin orta yuxu müddəti təxminən 6,6 saat olub. İştirakçıların yarısı gecə saat 01:00-dan sonra hələ də oyaq qalırdı. Maddi təşviq alan qrupda isə 7 saatlıq yuxu hədəfinə çatma göstəricisi digər tələbələrlə müqayisədə 26 faiz daha yüksək olub.

Alimlər tələbələrə yatmaq vaxtını xatırladan bildirişlər göndərmək və səhərlər geribildirim vermək kimi digər üsulları da sınaqdan keçiriblər. Lakin bu tədbirlərin davranışa ciddi təsir göstərmədiyi bildirilib.

Yuxu artımı qiymətlərə də təsir edib

Araşdırmanın nəticələri yuxu müddətindəki dəyişikliklə yanaşı, tələbələrin akademik göstəricilərində də artım olduğunu göstərib. ABŞ-da istifadə olunan 4 ballıq GPA sistemi üzrə tələbələrin orta qiymətləri təxminən 0,08 bal yüksəlib.

Tədqiqatın baş müəllifi Osea Giuntellanın sözlərinə görə, kiçik və dərhal təqdim olunan maliyyə mükafatları tələbələrin qısamüddətli hədəfə əməl etməsini asanlaşdırıb.

Araşdırmanın diqqətçəkən məqamlarından biri isə ödənişlər dayandırıldıqdan sonra müşahidə olunub. Belə ki, tələbələrin daha uzun yatmaq vərdişini bir neçə həftə davam etdirdiyi, bəzi müsbət təsirlərin isə təxminən bir ay sonra da qorunduğu müəyyənləşib.

Nəticələr göstərir ki, tələbələrin yuxu rejiminin yaxşılaşdırılmasında yalnız xəbərdarlıqlar və maarifləndirmə deyil, müəyyən maliyyə təşviqləri də rol oynaya bilər.

Samir
 

0