"Boeing" ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil göyərtə qırıcısı yaradacaq

DÜNYA
17:30 / 30.09.2026
45

“Boeing” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil göyərtə qırıcısının yaradılmasına dair dəyəri 20 milyard dollardan çox olan müqavilə imzalayıb. 

HİT.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

“ABŞ Müharibə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin ‘Boeing’ şirkəti ilə altıncı nəsil F/A-XX zərbə qırıcısının hazırlanması üzrə müqavilə bağladığını elan edib”, – qurumun məlumatında deyilir.

Nazirliyin məlumatına görə, qırıcının tammiqyaslı hazırlanması üzrə müqavilənin dəyəri 20 milyard dollardan çox qiymətləndirilir. Pentaqonun dəqiqləşdirdiyinə görə, müqavilə yerüstü sınaqlar, uçuşa yararlılığın yoxlanılması, eləcə də sistemlərin və silahların inteqrasiyası üzrə sınaqlar üçün bir sıra prototiplərin hazırlanmasını da əhatə edir.

Məlumatda qeyd olunur ki, F/A-XX göyərtə qırıcısıdır və 2030-cu illərdən etibarən F/A-18E/F “Super Hornet” və EA-18G “Growler” təyyarələrini tamamlayacaq, zamanla isə onları əvəz edəcək.

Sentyabrın 29-da Pentaqonun “Amentum Technology” şirkəti ilə təxminən 572,3 milyon dollar dəyərində müqavilə bağladığı məlum olub. Vəsait raket hücumları barədə xəbərdarlıq və kosmik müşahidə sistemlərinin dəstəklənməsinə yönəldiləcək.

Müqavilə kompleks taktiki xəbərdarlıq, hücumların qiymətləndirilməsi və kosmik təminat proqramı çərçivəsində həyata keçirilir.

Samir
 

0