Rusiya son bir ay yarım ərzində ən böyük həcmdə neft tədarükü həyata keçirib. Qiymətlərin kəskin artması isə bu yüklərin ümumi dəyərini Ukraynada müharibənin başlanmasından bəri ən yüksək göstəricilərdən birinə çatdırıb.
HİT.az xəbər verir ki, “Bloomberg”in topladığı tanker hərəkəti məlumatlarına əsasən, sentyabrın 27-dək olan dörd həftə ərzində Rusiyanın dəniz yolu ilə neft tədarükü sutkada 3,71 milyon barelə yüksəlib. Bu, avqustun əvvəlindən bəri ən yüksək göstəricidir.
Eyni zamanda Rusiyanın əsas neft markaları olan “Urals” və “ESPO”nun dörd həftəlik orta qiymətləri Yaxın Şərqdə neft tədarükündə davam edən fasilələr fonunda üç aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Lakin neft satışından əldə edilən gəlirlər mənzərənin yalnız bir hissəsidir və bu gəlirlərin neft məhsullarının tədarükündəki azalma ilə qismən kompensasiya olunacağı gözlənilir.
Məqalədə qeyd olunur ki, Rusiya 2026-cı il üzrə neft ixracı proqnozunu sutkada təxminən 150 min barel artırsa da, neft məhsullarının tədarükü ilə bağlı proqnozunu sutkada təxminən 500 min barel azaldıb.
Sentyabrın 27-dək olan 28 gün ərzində Moskvanın neft ixracından əldə etdiyi həftəlik ümumi gəlirin orta göstəricisi 2,39 milyard dollara yüksəlib. Bu, sentyabrın 20-dək olan dövrlə müqayisədə həftədə 290 milyon dollar çoxdur və mayın 24-dək olan dövrdən bəri ən yüksək göstəricidir.
Bununla belə, Kremlin əldə etdiyi gəlirlər dizel yanacağının xarici ölkələrə satışına qoyulan qadağa ilə məhdudlaşır. Sözügedən qadağanın oktyabr ayına qədər uzadılacağı gözlənilir.
Bundan əlavə, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına hücumları nəticəsində neft məhsullarının tədarükü də azalıb.
Ukrayna Təhlükəsizlik Xidməti daha əvvəl Rusiyanın Krasnodar vilayətində yerləşən dörd neft bazasına zərbələr endirib. Bu obyektlər Rusiya ordusunun ehtiyacları üçün neft məhsullarının saxlanmasını və tədarükünü təmin edən mühüm yanacaq infrastrukturu hesab olunur.
Samir

